Xəbər verdiyimiz kimi, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə Prezident İlham Əliyev görüşüb. Konqo Respublikasının Prezidenti deyib ki, bərpaolunan enerji sahəsində ölkəsinin böyük potensialı var və Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən yararlana bilər.
İki ölkə arasındakı əməkdaşlığın Azərbaycan iqtisadiyyatına təsirləri barədə millət vəkili Vüqar Bayramov Demokrat.az-a açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycan alternativ enerji mənbələrinə son illər ən çox investisiya qoyan regional ölkələrdəndir:
“Regionda Günəş enerjisi üzrə ən böyük stansiya məhz Azərbaycandadır. Eyni zamanda bu ilin ilk 2 ayında ölkəmizdə Günəş enerjisi 6 dəfə artıb. Eləcə də həm külək, həm də digər alternativ mənbələrdən əldə edilən enerji həcmində də artımlar müşahidə olunub. Azərbaycan Günəş enerjisi də daxil olmaqla alternativ mənbələrdən əldə edilən enerji istehsalında xüsusi üstünlüklərə malik ölkələrdəndir. Afrika ölkələri, o cümlədən Konqo Günəş enerjisi ilə dolanan ölkələrdəndir. Bu əməkdaşlıq Konqo üçün də texnologiyanın cəlb edilməsi və yeni sərmayə qoyuluşlarının həyata keçirilməsi çox vacibdir. Bu istiqamətdə ölkələrarası əlaqələrin qurulması, xüsusən də texnolgiyaların transferi olduqca yaxşı haldır. Ölkələr bu istiqamətdə daha yaxşı əməkdaşlıq edəcəklər. Son illər ərzində inkişaf etmiş ölkələr, xüsusən də Çin Xalq Respublikası Afrika qitəsində yerləşən ölkələrə daha çox sərmayə qoyur. Bu da təbii ki, orada yerləşən ölkələrin potensialı ilə bağlıdır. Ona görə də Azərbaycan üçün bu əməkdaşlıq məqsədə uyğundur”.
Törə Zeynallı Demokrat.az


