Bakıda 1993-cü il təvəllüdlü Məmməd şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Nuridəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Məmməd 27 aprel 2023-cü ildə, saat 7 radələrində arvadı Nuridə ilə ailə məişət zəminində yaranmış mübahisə zamanı şüşə qab, əli və ayağı ilə başına, sağ bazu, sağ bud, kürək və qarın nahiyələrinə qəsdən vurub.
İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2023-cü il aprelin 27-də yaşadıqları evdə həyat yoldaşı Nuridə ilə aralarında mübahisə yaranıb: “Buna səbəb isə Nuridənin qaynanam, yəni özünün anası ilə bir yerdə işləmək istəməməsi, ona başqa bir yerdə iş olduğunu və anasının yanındakı yerdən çıxıb ora işə gedəcəyini bildirməsi olub. Mən isə Nuridəyə razılıq vermədim. Əsəbləşərək ona iki şillə vurdum. Daha sonra işə getdim. Nuridə isə bundan əvvəl həyətdə olarkən yıxılmışdı və əməliyyata ehtiyacı olub. Onların da hamısını müstəntiq mənim üstümə yazdı ki, guya Nuridəyə həmin xəsarətləri mən yetirmişəm. Əslində isə mən Nuridəyə ancaq iki şillə vurmuşam”.
Təqsirləndirilən şəxs bildirib ki, aprelin 27-dən əvvəl də Nuridənin ağrıları olub, lakin maddi imkanları olmadığı üçün onu əməliyyat etdirə bilməyib: “Baş verən hadisələrə görə peşmanam ki, həyat yoldaşıma iki şillə vurmuşam. Həmin hadisədən əvvəl mənim Nuridə ilə münasibətlərimiz yaxşı olub. Biz 8 ildir ki, evliyik. Bundan əvvəl bizim aramızda yalnız bir dəfə söz-söhbət düşüb. Buna səbəb isə Nuridənin sosial şəbəkədə tanımadığım şəxsə yazışması olub. Həmin vaxt da Nuridəni yenə döymüşdüm. Birinci dəfə Nuridəni döyəndə polisə şikayət etmədi. Həmin vaxt polisə özü zəng etdi ki, həyat yoldaşı uşaqları götürüb anasıgilə gedir. Sonradan isə elə oldu ki, biz barışdıq və polisin işə qarışmasına ehtiyac olmadı. Polis orqanına Nuridənin adından olan ərizələri onun anası yazıb. Hadisədən sonra Nuridə xəstəxanada olanda polis işçiləri gəlib sənədləri qadına imzaladıblar. Həyat yoldaşım həmin vaxt həbs olunmağımı bilməyib. Sonradan Nuridə mənim həbs olunduğumu bilib və yaşadığımız evə qayıdıb. Birgə nikahdan bizim iki azyaşlı uşaqlarımız var”.
İş üzrə zərərçəkmiş Nuridənin sözlərinə görə, 2023-cü il aprelin 26-da işdən evə gələndə həyətdə olan zibili arabaya yığıb aparanda yıxılıb və qapıya dəyib: “Bundan sonra bədənimdə ağrıları yarandı. Mən Məmmədə ağrıdığımı bildirəndə, o, pulu olmadığı üçün məni həkimə apara bilməyəcəyini dedi. Səhəri gün Məmmədə işlədiyim yerdən işdən çıxmaq istədiyimi, başqa iş tapdığımı və ora gedəcəyimi bildirdim. Bunun üstündə Məmmədlə aramızda mübahisə düşdü. Məmməd mənə iki şillə vuraraq getdi. Bundan sonra öz anama zəng vuraraq ağrıdığımı, onlara gəlmək istədiyimi dedim. Anam da mənə bacımgilə gəlməyi, oradan gəlib götürəcəyini bildirdi. Bacımgildə olanda anam mənim ağrıdığımı gördü. Bundan sonra anam məni götürüb həkimə apardı. Orada məni USM müayinəsindən keçirdilır. Sonra isə əməliyyat elədilər. Əməliyyatdan çıxandan sonra vəziyyətim ağır oldu və koma vəziyyətinə düşdüm. Polis işçiləri səhər gəlib mənə sənədləri imzalatdılar. Mən nə baş verdiyini soruşduq da, imzaladığım sənədlərin həkimlər və xəstəxana barədə olduğunu dedilər. Mən də buna görə həmin sənədləri imzalamışam. Xəstəxanadan çıxandan sonra isə bacımgilə gəldim. Bacımgildə olanda anam ərimin xəstəxanaya gəlmədiyini dedi. Sonradan həyat yoldaşımgil tərəfdən qaynatam xəstəxanaya gəldi. Lakin anam onu içəri buraxmadı. Bundan sonra anam mənə Məmmədin tutulduğunu dedi. Anamdan həyat yoldaşımın nəyə görə tutulduğunu soruşdum. Anam məni vurduğuna görə tutulduğunu bildirdi. Mən isə anama ərimin məni vurmadığını dedim. Bunun üstündə öz anam ilə savaşdım. Həyat yoldaşımın məni döymədiyini, iki şilləyə görə nə üçün ərimi tutdurduğunu dedim. Anam ilə dalaşdım. Sonradan da yazılan həmin şikayətləri mənim adımdan anam yazıb”.
Məhkəmədə zərərçəkmiş Nuridənin ibtidai istintaq zamanı verdiyi ziddiyyətli ifadəsi məhkəmədə elan olunub. Həmin ifadədən məlum olur ki, Məmmədlə 2016-cı ildə ailə həyatı qurub, övladları var: “Əvvəllər ərim ilə münasibətlərim yaxşı olub və hazırda da yaxşıdır. Lakin arabir ailədaxili münasibətlər zəminində mübahisələrimiz olub. 27 aprel 2023-cü ildə, səhər saat 7 radələrində yaşadığımız ünvanında Məmmədin iradəsinə qarşı çıxdığına görə, aramızda mübahisə yarandı. Bu zaman Məmməd şüşə qabı ataraq başıma vurdu. Buna görə ərimə cavab qaytararkən Məmməd əli və ayağı ilə bədənimə vurdu. Nəticədə xəsarət alsam da, həkimə müraciət etmədim. Həmin gün Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan bacımın evinə getdim. Orada olarkən halım pisləşdi və bu barədə anama xəbər verdim. Özüm isə 3 saylı xəstəxanaya getdim. Orada məlum oldu ki, Məmmədin məni vurması nəticəsində qara ciyərim və dalağım cırılıb, daxili qanaxmam var. Mənim xəsarət almam barədə polisə anam şikayət edib. Özümün isə Məmmədin barəsində heç bir şikayətim və tələbim yoxdur. Hazırda iki azyaşlı övladım ilə birlikdə Məmmədin yaşadığı evdə yaşayırıq. Ailəni maddi cəhətdən saxlayan ərim olub”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmmədin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.
Fariz Məlikli Demokrat.az


