Yeniyetmələr arasında zərərli vərdişlərin artması cəmiyyətimizin əsas probleminə çevrilib. Bəziləri bununla sanki özlərini ətrafa sübut etməyə çalışır. Sosial şəbəkələrdə onları yanlış istiqamətə yönləndirəcək şəxsləri, paylaşımları izləyirlər. Bugünkü yeniyetmələr özlərini alimə, idmançıya və ya mühəndisə, həkimə bənzətmək yerinə, daha çox cəmiyyətə mənfi örnək olan şəxslər kimi aparmaq istəyir, onlar kimi görünməyə çalışırlar.
Sosioloq fəlsəfə doktoru Mail Yaqubun sözlərinə görə, istər yaxşı vərdişlər olsun, istər pis – insanda bunların formalaşması üçün bir neçə şərt lazımdır:
“Bunlardan biri situasiya şərtidir. Bu nədir? Əgər mən pis vərdişə qurşanmışamsa, demək onun situasiyasında qərarlaşmışam. Yəni elə bir çevrədə olmuşam ki, həmin pis vərdişlər orada olub və mən də aludəçisi olmuşam. Məsələn, narkotikə qurşanmışamsa, narkotik istifadəçilərinin çevrəsində olmuşam. Bu, çox vacib şərtdir. Əgər bu vərdişimi tərgitmək istəyirəmsə, nə etməliyəm? Həmin məkanı, çevrəni dəyişməliyəm və pis vərdişlərdən uzaqlaşmalıyam”.
Ekspert Demokrat.az-a açıqlamasında onu da deyib ki, əgər valideyn olaraq övladlarımızı pis vərdişlərdən çəkindirmək istəyiriksə, onların kimlə oturub-durduğuna diqqət yetirməliyik:
“Övladımızın ətrafındakı insanlar həmin situasiya şərtlərini yaradırlar. Bundan sonra həmin uşağın pis vərdişlərə qurşanması asanlaşır. Uşaqda yaxşı vərdiş formalaşdırmaq üçün həmin vərdişi ona maraqlı etmək lazımdır. Əgər valideynlər uşaqlarının yaxşı vərdişlərə yiyələnməsini istəyirlərsə, bunu onlara cazibəli göstərməlidirlər, yorucu deyil. Məsələn, əgər valideyn istəyirsə ki, uşağı daha çox evdə vaxt keçirsin, nəinki yaramaz dostları ilə o halda evdəki mühiti uşaq üçün maraqlı etməlidir. Təbii ki, uşağın ailəsi ilə daha çox vaxt keçirməsi, valideynləri ilə səmimi münasibəti yaxşı haldır. Əgər evdəki mühit uşağa yaxşı təsir edirsə, avtomatik olaraq dostları ilə vaxt keçirməyə çox da meyillənməyəcək, həmin vaxtı ailəsinə sərf edəcək. Bunun üçün də ata və ana təbəssümlü, mehriban olmalıdırlar, uşaqları ilə səmimi olmalı, onlara diqqət, zaman ayırmalıdırlar, fikir mübadiləsi aparmalı, söhbətlər etməlidirlər”.
Törə Zeynallı Demokrat.az


