“Səs verdiyim məntəqədə aktivlik müşahidə etdim. İnsanlar qürur hissi ilə gəlib səsvermədə iştirak edirdilər. Hər cür şərait yaradılmışdı. Müşahidəçilər qrupu var idi, proses qanun çərçivəsində aparılırdı. Vətəndaşların seçkidə iştiraka marağı böyükdür. Bunun da səbəbi Azərbaycanın yeni dövrə qədəm qoymasıdır. Artıq torpaqlarımız işğaldan azad olunub, ilk dəfədir ki, bütün ölkə ərazisində seçkilər keçirilir. Bu baxımdan builki seçkilər tarixi məna kəsb edir”.
Bunu Demokrat.az-a açıqlamasında “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilər Şurasının üzvü, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib.
S.Orucova qeyd edib ki, seçkilər ölkəyə yeni nəfəs verəcək:
“Yeni mərhələ başlayır. Qarabağda sürətli bərpa və quruculuq işləri gedir. Qarabağ dirçəldikdə insanlar yurd yerlərinə qayıdırlar. Bu, xalqımız üçün böyük motivasiyadır. İqtisadiyyatın bütün sahələrində inkişafın olacağını düşünürəm. Hesab edirəm ki, cənab Prezidentin – zəfərimizin Prezidentinin seçilməsi hər bir sahədə dönüş nöqtəsi yaradacaq. Hamı bu ölkə naminə şəhidlərimiz kimi çalışmalıdır. Onlara layiq olmağa çalışmalıyıq. İstər məmur, istər sıravi vətəndaş olsun - dövlət başçısının ona həvalə etdiyi məqamın məsuliyyətini dərk etməlidir. Belə olsa inanıram ki, Azərbaycan daha da inkişaf edəcək və gələcəyə daha inamla addımlayacaq”.
Törə Zeynallı Demokrat.az


