Quba rayonunda 1982-ci il təvəllüdlü Amil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 12-də Quba rayonunun Qaraçay kəndində baş verib. Amil həmin kənddə yerləşən atasına məxsus evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən arvadı Könülün saçlarından tutaraq yolub, yumruqla baş nahiyyəsindən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Amilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Amil ilə rəsmi nikahdadırlar və həmin nikahdan 2 övladı vardır:
“Spirtli içkiyə aludəm olduğu üçün mütəmadi olaraq aramızda münaqişələr yaranır. Hadisə günü, saat 22 radələrində evdə olarkən Könül anam ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olan həmkəndlimiz Əli ilə getdiklərini dedi. Həmin zaman sərxoş olduğum üçün əsəbiləşdim. Yumruqla onun başından vurdum, saçlarından tutaraq dartışdırdım”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Amilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


