Kriminal Özəl

Şəmkirdə müəllimə xəsarət yetirildi —TƏFƏRRÜAT

Şəmkirdə müəllimə xəsarət yetirildi —TƏFƏRRÜAT

Şəmkir rayonunda 2006-cı il təvəllüdlü Cəlal Anar adlı həmkəndlisinə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 9 may 2023-cü ildə, saat 19 radələrində Şəmkir rayonu, Qapanlı kəndində baş verib. Cəlal kəndarası yolda aralarında yaranmış şəxsi münasibətlər zəminində Anarın onu telefonla video görüntüyə çəkməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı baş nahiyəsinə bir dəfə əlində olan ağac ilə vurub.

Hadisəni törədən Cəlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsinin maddi vəziyyətinə görə dövlətin onlara sosial yardım kimi vermiş olduğu 23 baş qoyunları var: “Həmin qoyunları otarmaq üçün torpaq sahələrimiz olmadığından yolda və ya qonşularının həyətində qoyunları otarmışıq. Mayın 9-da, saat 19 radələrində qoyunları həmkəndlim olan Şahəddinin yerinin kənarında su arxının üzərində otara-otara yaşadığım evə gətirən zaman həmin yerdə istixanası olan, əvvəllər tanıdığım Şahəddinin qohumu olan Anar qoyunları orada otarmamağı dedi. Mən də Anara “sən kimsən, bura sənin yerin deyil”– dedim. Anar arxamca gəlmişdir. Həmin vaxt qoyunlar da qaçaraq Şahədinin yerinə girdim. Anar isə mənə təhqirəmiz sözlər dedi. Bundan sonra Anardan qorxduğu müçün oraya yaxın getmədim. Anarın fəhləsi olan Sübhan qoyunları sahədən çıxartdı. Mən isə qoyunları aparıb oradan getdim. Evimizin yaxınlığında atam ilə birlikdə qoyunları otaran zaman Şahəddinlə Anar hərəsi öz avtomobili ilə yanıma gəldi. Həmin vaxt Şahəddin atama mənim qoyunları özünün yonca sahəsinə salıb otardığımı bildirdi. Mən isə Şahəddinə qoyunları onların sahəsinə salmadığımı, kənarda otardığımı dedim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman onlar arasında mübahisə yaranıb: “Mübahisə zamanı Şahəddin Anara bizi telefonla çəkməyi dedi. Anar da cibindən telefonu çıxardıb bizi çəkməyə başladı. Atam isə Anara bizi telefona çəkdiyinə görə irad bildirdi, Anarın əlindən vurub telefonu yerə saldı. Həmin vaxt Anarın hərəkətlərinə əsəbləşdiyimdən əlimdə olan ağacla bir dəfə onun başından vurdum. Bu zaman Anarla gələn işçisi Sübhan ortaya girərək bizi sakitləşdirdi və araladı. Həmin vaxt Anar əlini başına qoyaraq başından qan axdığını bildirdi. Bundan sonra Anarla Sübhan avtomobilə minərək oradan uzaqlaşaraq getdilər. Şahəddin də öz avtomobili ilə oradan getdi. Bir qədər sonra bizi Şəmkir Rayon Polis Şöbəsinə çağırdılar. Bu zaman bildik ki, Anar barəmizdə polisə şikayət edib”.

İş üzrə zərərçəkmiş hazırda Anarın sözlərinə görə, Şəmkir rayonu Tatarlı kənd tam orta məktəbində müəllim işləyir: “Bundan başqa mənim Şəmkir rayonu, Qapanlı kəndində özümə məxsus torpaq sahəsində istixanam olub. İstixananın yanında isə qohumum Şahəddinə məxsus torpaq sahəsi olub. Şahəddin həmin torpaq sahəsində yonca əkib. Mayın 9-da Qapanlı kənd sakini olan Camaləddinin oğlu Calalın qoyunlarını Şahəddinin yonca sahəsinə salaraq otardığını gördüm. Buna görə Calala irad bildirirək qoyunları oradan çıxarmağı dedim. Calal isə həmin yerin mənə məxsus olmadğını, Şahəddinin yeri olduğunu, qoyunları da oradan çıxarmayacağını deyərək ünvanıma təhqirəmiz sözlər dedi. Mən də bu barədə zəng edərək Şahəddinə məlumat verdim. Mənim yanımda işləyən Sübhan isə qoyunları Şahəddinin yerindən çıxartdı. Calal isə qoyunları oradan apararaq getdi. Bir qədər sonra Şahəddin həmin yerə gəldi. Biz qərara gəldik ki, Calalın hərəkətləri barəsində valideyininə iradımızı bildirək. Bu məqsədlə hərəmiz öz avtomobilimiz ilə Calalın atası Camaləddinin yanına getdik. Həmin vaxt yanımda işləyən Sübhan da bizimlə birlikdə olub. Camaləddinin evinin yaxınlığında oğlu Calal ilə birlikdə qoyunları otardığını gördük. Şahəddin Camaləddinə yaxınlaşaraq oğlunun öz yonca sahəsinə qoyunları saldığını bildirdi. Camaləddin ünvanımiza təhqirəmiz sözlər deməyə başladı. Orada mübahisə yarandığından Şahəddin mənə Camaləddinlə Calalın hərəkətlərini telefona çəkməyi dedi. Telefonu cibimdən çıxararaq Camaləddinlə Calalın hərəkətlərini çəkmək istədiyimdə Camaləddin yerdən daş götürərək üzərimə hücum etdi. Yumruqla vuraraq telefonu əlimdən yerə saldı. Əyilib yerdən telefonunu götürmək istədikdə Camaləddinin oğlu Calal yaxınlaşaraq başımdan əlində olan ağacla vurdu. Mən əlim ilə başını tutduğum zaman isə Camaləddin gələrək əlində olan daşla çiynimə vurdu. Mən mübahisənin böyüməməsi üçün oradan uzaqlaşdım. Camaləddinlə oğlu isə mənə daş atdılar, lakin daşlar mənə dəymədi. Başımdan qan axdığından Şahəddinlə birgə xəstəxanaya getdik. Bundan sonra isə baş vermiş hadisə barədə polisə məlumat verdim”.

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəlal 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən yaşayış yerini saat 23.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova