Bakıda dörd nəfərin xəsarət alması ilə nəticələnən onsəkkizmərtəbəli binanın liftindəki qəzanın detalları məlum olub.
APAxəbər verir ki, hadisə zamanı liftdə yeddi nəfər olub.
Sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə reysdən çıxaraq sürətlə aşağı düşüb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Aşur Məmmədov gəlib.
Hadisə zamanı yeddi nəfərdən dördü xəsarət alıb.
Onlardan iki nəfər böyük (biri kişi cinsli, biri qadın cinsli olmaqla) və biri uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, bir uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Qeyd edək ki, Bakıda yaşayış binasında lift qırılıb.
Hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.


