Bakının Sabunçu rayonunda 1969-cu il təvəllüdlü Əfqan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Lətafətə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 9-da Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz evdə baş verib. Əfqan yaşadıqları evin qonaq otağında həyat yoldaşı Lətafətin onu təhqir etməsi səbəbindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruq və şillə ilə onun üz, baş nahiyyələrindən bir neçə dəfə vurub. Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan olunub.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Lətafət ilə 2012-ci ildə ailə həyatı qurub: “Oktyabrın 9-da, təxminən saat 23.00-da yaşadığımız evin qonaq otağında olarkən aramızda səbəbsiz yerə mübahisə yarandı. Mübahisə zamanı Lətafət məni təhqir etdiyi üçün cavab olaraq onu təhqir etdim. Sonra isə qəzəblənərək qəsdən yumruq və şillə ilə onun üz, baş nahiyyələrindən bir neçə dəfə zərbə vurdum”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Əfqan 1000 manat məbləğində cərimə olunub.
Fariz Məlikli Demokrat.az


