Hadisə Özəl

Parkda 20 yaşlı oğlan xalasının keçmiş ərini döydü — TƏFƏRRÜAT

Parkda 20 yaşlı oğlan xalasının keçmiş ərini döydü — TƏFƏRRÜAT

Mingəçevir şəhərində 2004-cü il təvəllüdlü Elçin xalasının keçmiş əri Telmana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Mingəçevir şəhəri, Fizuli küçəsində yerləşən “Sahil” parkının qarşısında baş verib. Elçin xalası Xumarın keçmiş əri Telman ilə təsadüfən qarşılaşıb. O, başı ilə Telmanın burun nahiyəsindən vuraraq, ona xəsarətlər yetirib.

Hadisəni törədən Elçinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Telman onun xalası Xumarın keçmiş həyat yoldaşı olub: “Bu hadisədən əvvəl Telman xalamı döymüşdü. Hadisə günü isə xalam və xalam oğlu ilə birlikdə “Sahil” parkına gəzmək məqsədi ilə getdik. Parkın girişində Telmanla rastlaşdıq. Telman xalamı döydüyü üçün onunla söhbət etmək məqsədi ilə onu kənara çəkdim. Söhbət zamanı Telman üzərimə bıçaq çıxartdı. Bu zaman Telmanın burun nahiyyəsinə başım ilə zərbə vurdum”.

Bu cinayət işinə Mingəçevir Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elçinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova