Ağcabədi rayonunda 1972-ci il təvəllüdlü Etibar münaqişə zəminində qonşusu Vidadiyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 23-də, saat 07 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verib. Etibar evinin qarşısında qonşusu Vidadi ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə edib. Yaranmış mübahisə zamanı Etibar qəsdən dəmir parçası ilə Vidadinin sol bilək nahiyəsinə bir dəfə, sağ baldır nahiyəsinə bir dəfə zərbə vurub.
Hadisəni törədən Etibarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Etibar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyunun 23-də, saat 7 radələrində Vidadi onun və ailəsinin yaşadığı evinin qarşısında nalayiq söyülər söydüyü səbəbindən ona irad bildirib: “Bu səbəbdən aramızda yaranmış mübahisə zamanı yerdən dəmir parçası götürərək qəsdən Vidadinin bədən nahiyəsinə bir neçə zərbə vuraraq ona xəsarət yetirdim. Sonradan Vidadidən üzr istəyərək onunla barışmışam”.
Bu cinayət işinə Ağcabədi Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Etibarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


