Bu gün Xankəndidə “Qarabağ” və MOİK arasında Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu keçirilir. Xankəndi stadionu azarkşlərlə dolub-daşır. Azarkeşlər arasında tanınmış siyasətçilər və incəsənət xadimləri və idmançılar var.
Onlardan biri də əməkdar artist Dilarə Əliyevadır. Əməkdar artist Xankəndi şəhəri və oyunla bağlı təəsərrüfatını Moderator.az-a bölüşdü: "Əvəzolunmaz hisslər yaşayıram. Bu hissləri sözə çevirmək mümkün deyil. Xankəndiyə gəlmək və ilk dəfə bu matçı izləmək qürurvericidir. Ali Baş Komandanımız, Müzəffər Ordumuz xalqımıza möhtəşəm bayram əhvalı yaşadır... Bu bayram bir ömür boyu xatirimizdən silinməz. Həqiqətən həmrəyliyimizə şübhə edənlərə “dəmir yumruğumuz” cavabdır. Bayram edəcək o qədər zəfər günlərimiz var ki... Xalqımızın bütün bayramları mübarək olsun. Allah ömür vəfa etsin k, bunu doya-doya yaşayaq, qədrini bilək. Bir azərbaycanlı olaraq bu matçı izlədikcə qürur və şərəf duyuram. Çox şükür ki, ölmədən bu günləri yaşaya bildik. Ağlıma da gəlməzdi ki bu bayramı Xankəndidə yaşayaram. Bütün arzularımız çin olsun. Allah bu duyğuları hər kəsə yaşamağa nəsib etsin. Bu gün burada olmağımdan qürur duyuram. Xankəndidə matçı izləmək böyük fəxarət hissidir".


