Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə açıqlamasında deyib ki, Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının genişləndirilməsi Ermənistan-Azərbaycan nizamlanmasına kömək etməyəcək. Onun sözlərinə görə, Aİ missiyasının genişləndirilməsi Cənubi Qafqazda gərginliyi artıracaq: “Müşahidə missiyasının Ermənistanda peyda olması Ermənistan-Azərbaycan nizamlanmasının təşviqi baxımından tamamilə faydasız addımdır. Biz əminik ki, Aİ missiyasının genişləndirilməsi heç bir nəticə verməyəcək", - rusiyalı diplomat vurğulayıb.
Politoloq Turab Rzayevin sözlərinə görə, Rusiyanın bu məsələ ilə bağlı mövqeyi aydındır, o, Cənubi Qafqazı öz nüfuz dairəsi altında saxlamaqda qərarlıdır:
“Kənar qüvvələrin regiona müdaxiləsi hər hansı məsələnin həllinə gətirib çıxarmayacaq, daha da vəziyyəti qəlizləşdirəcək. Hətta Avropa İttifaqı və ya Vaşinqton bölgədə hansısa yolla sülh yarada bilərsə də Rusiya bunun əleyhinədir. Rusiya bunu bölgədə özünün yaradacağı sabitliyə, sülh prosesinə təhdid olaraq görür. Dəfələrlə bununla bağlı Aİ-yə xəbərdarlıq edilib. Lavrov və Zaxarova Aİ-ni bölgə ilə bağlı spekulyasiyalar yaratmaqda, sülh prosesini sabotaj etməkdə ittiham edirlər. Rusiya bölgədə sülhü yalnız özünüz təmin edə biləcəyini, yalnız öz şərtlərini irəli sürməklə buna nail oluna biləcəyini düşünür. Rusiya adı mülki, özü əslində hərbi missiya olan Aİ missiyasının fəaliyyətini Qərbin Ermənistanda möhkəmlənmək cəhdləri kimi qiymətləndirir. Düşünür ki, bu minvalla Qərb Rusiya hərbi bazasını oradan çıxaracaq və Ermənistanı Qərbə inteqrasiya edəcək. Ona görə də açıq şəkildə öz mövqeyini ortaya qoymaqdan çəkinmir. Ukrayna ssenarisinin Ermənistanda və Moldovada da təkrarlanması ilə bağlı təhdid etməsi ilk dəfə deyil”.
Törə Zeynallı Demokrat.az


