Kriminal Özəl

Göyçayda orta yaşlı kişi arvadını boğmaq istədi — MƏHKƏMƏ

Göyçayda orta yaşlı kişi arvadını boğmaq istədi — MƏHKƏMƏ

Göyçay rayonunda 1982-ci il təvəllüdlü Fərid ailə münaqişəsi zəminində həyat yoldaşı Kəmaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin avqustun 2-də Göyçay rayonunun kəndlərindən birində baş verib. Fərid yaşadığı evdə arvadı Kəmalə ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Fərid qəsdən hər iki əli ilə arvadını boğaraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2008-ci ildə Kəmalə ilə nikah bağlayıblar və birgə yaşayırlar. O, münaqişənin şəxsi münasibətlər zəminində yarandığını deyib.

Bu cinayət işinə Göyçay Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Fəridin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova