Dünəndən yağan yağış paytaxtda nəqliyyatın hərəkətini iflic edib, piyadaların gediş-gəlişini çətinləşdirib. Bundan başqa bəzi paytaxt sakinləri göydən sanki yağış deyil, palçıq yağdığını iddia edirlər. Bu barədə sosial şəbəkələrdə qeyd olunub.
Hidroloq Rövşən Abbasov narahatlıqlara aydınlıq gətirib.
O, Demokrat.az-a açıqlamasında bildirib ki, bu günlərdə havada tozun miqdarı həddən artıq olub:
“Bu gün də Bakıda havanın keyfiyyəti aşağı olub. Buna səbəb bir neçə gün əvvəl Mərkəzi Asiyada yaranmış böyük toz burulğanının Xəzər dənizi üzərindən Azərbaycanın şərq rayonlarına, o cümlədən Bakı şəhərinə daxil olmasıdır. Buna görə də hava normadan artıq tozlu olub, havada PM 2,5 tozlarının miqdarı sürətlə artıb. Bu da havanın keyfiyyətinə mənfi təsir edib, dünən və bu gün səhər havanın keyfiyyətinin aşağı olduğu stasionar məntəqələr tərəfindən də təsdiq edilib.
“Silam” hava keyfiyyətini stasionar qiymətləndirmə beynəlxalq şəbəkəsinin internet saytında toz dalğasının Xəzər dənizini keçməklə necə şəhərin üzərinə gəldiyini görmək olur. Havanın tozlu olması palçıqlı yağışların yağmasına səbəb olub, bu da əslində havanın keyfiyyətini yaxşılaşdırır. Çünki yağış yağdığı zaman havadakı toz damcılar vasitəsilə torpağın üzərinə akkumulyasiya olunur və hava təmizlənir. Şəbəkənin proqnozuna görə həftənin sonuna yaxın tədricən Bakıda havanın keyfiyyəti yaxşılaşacaq və hava keyfiyyəti indeksi xeyli aşağı düşəcək. Vətəndaşlara tövsiyə olunur ki, bu cür havalarda maskalardan istifadə etsinlər”.
Törə Zeynallı Demokrat.az


