Quba rayonunda 1987-ci il təvəllüdlü Namiq ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı atası Etibara (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 10-da Quba şəhəri, Ə.Nərimanov küçəsində yerləşən evlərdən birində baş verib.
Aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı atası Etibara tərəf evin həyətində olan oturacağı və qırmızı kərpicləri atıb. Oturacaq pəncərəyə dəydiyindən şüşəsi qırılaraq Etibarın döş qəfəsi və qarnının ön divarını kəsib.
Bununla kifayətlənməyən oğul atasının üstünə cumaraq yumruqla bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub.
Hadisəni törədən Namiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ititham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, sentyabrın 10-da, saat 16 radələrində içkili vəziyyətdə yaşadığı evə gəlib:
“Bu zaman atamla aramızda söz mübahisəsi yarandı. Həyətdə olan oturacağı atamın üstünə atdım. Atdığım oturacaq pəncərənin şüşəsinə dəydi və şüşə qırılaraq onun üstünə töküldü. Atam məni sakitləşdirmək istəyən zaman yumruqla onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq xəsarətlər yetirdim. Etdiyim əmələ görə səmimi peşmanam”.
İş üzrə zərərçəkmiş Etibarın sözlərinə görə, oğlu Namiq onunla bir həyətdə yaşayır və aptekdə satılan etil spirti içərək hər gün mübahisə, dava-dalaş edib:
“Sentyabrın 10-da, saat 16 radələrində evdə olan zaman oğlum içkili vəziyyətdə evə gəldi. Heç bir səbəb olmadan mənimlə münaqişə etməyə başladı. Bu zaman yaşadığımız evin həyədə olan bir ədəd oturacağı götürərək üstümə atmaq istəyəndə oturacağ evin pəncərəsinə dəydi və pəncərənin şüşəsi qırılaraq qarın nahiyəmi kəsdi.
Oturacaq mənə dəymədiyindən oğlum yerdə olan qırmızı kərpicləri üzərimə atdı. Evdən çıxıb qaçmaq istəyən zaman oğlum yumruqla bədənimin müxtəlif nahiyələrinə vuraraq mənə xəsarətlər yetirdi”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Namiq 4 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Fariz Məlikli Demokrat.az


