Bu gün səhər saatlarında Bakıda baş verən zəlzələyə görə bəzi məktəblərdə dərslər dayandırıldı, şagirdlər evə buraxıldılar. Şagird və müəllim heyəti belə hallarla düzgün davranış qaydaları barədə məlumatlı olmalıdırlar. Maraqlıdır, məktəblərdə fövqəladə hallar zamanı təhlükəsizlik qaydarına əməl edilməsi ilə bağlı maarifləndirmə işləri aparılırmı?
Təhsil eksperti Kamran Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, Fövqəladə Hallar Nazirliyi bu mövzuda məktəblərdə mütəmadi maarifləndirmə işləri aparır:
“Bu tədbirlər təhsil ocaqlarında müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, ilkin tibbi yardımın göstərilməsinə, məktəblərdə baş verə biləcək yanğın və partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə yönəlib. Lakin məktəb və şagird sayını nəzərə alsaq, qeyd etməliyəm ki, FHN tərəfindən həyata keçirilən tədbirlər bütün məktəbləri, şagirdləri əhatə etmir. İşlərin əhatəsinin genişləndirilməsinə ehtiyac var”. 
Ekspertin sözlərinə görə, maarifləndirmə işləri çərçivəsində fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar tam izah olunmur: “Azərbaycan seysmik zonada yerləşir, hər an zəlzələyə hazır olmalıyıq. Bunun üçün də hər kəs sadə bilgilərə malik olmalıdır. Orta məktəblərdə “Həyat Bilgisi” və “İlkin Hərbi Hazırlıq” fənlərində dərsliklərdə bir neçə paraqraf bu mövzulara ayrılsa da, əhatəli deyil. Ali təhsil müəssisələrində də “Mülki Müdafiə” dərsi keçilir, lakin tədrisin keyfiyyəti ürəkaçan deyil. Hamımız, o cümlədən, şagirdlər və tələbələr də fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları və düzgün davranış qaydaları haqda məlumatlı olmalıdırlar”.
Törə Zeynallı Demokrat.az


