“Ailədaxili və sosial mühitdə baş verən hadisələr uşaq və yeniyetmələrin davranışına və psixoloji vəziyyətinə mənfi təsir göstərir”.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zamanı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, məktəb və digər təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidi artırılmalıdır:
“Tez-tez xəbər saytlarında itkin düşən, intihar edən, məktəblərdə bullinqə məruz qalan uşaqlar haqqında məlumatlar verilir. Bu mənada, məktəblərdə psixoloji xidmətin göstərilməsi, eyni zamanda, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif layihələri, Ailə və Uşaqlara Dəstək Mərkəzlərinin müsbət valideynlik bacarıqlarının öyrədilməsi ilə bağlı tədbirləri müsbət qiymətləndirmək olar”.
Komitə sədri əlavə edib ki, məktəblərdə psixoloq və sosial işçilərin sayı şagird və tələbələrin sayı ilə nisbətdə çox azdır:
“Bu isə göstərilən psixoloji xidmətin keyfiyyətinə təsir edir. Buna görə də məktəb və digər təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidinin artırılmasına ehtiyac vardır. Eyni zamanda, ailə psixoloqu ixtisası üzrə mütəxəssislərin yetişdirilməsi də vacib məsələdir”, - deyə o vurğulayıb.
Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki, məktəblərdə psixoloji xidmətin əhəmiyyəti və keyfiyyəti həmişə aktual olub:

“Xüsusilə bir neçə il əvvəl məktəbli intiharlarının geniş vüsət almağa başladığı vaxt, daha sonra isə Kovid dövründə bu məsələ ciddi müzakirə olundu. Müzakirələrin nəticəsində Nazirlər Kabinetinin qərarı ilə şagird sayına uyğun psixoloq ştatının tənzimlənməsində dəyişiklik edildi. Əvvəllər şagird sayından asılı olmayaraq məktəbdə bir psixoloq olurdu. Hazırda hər 500 şagirdə bir psixoloq düşür. Effekti artırmaq üçün psixoloqların bacarıqlarının inkişaf etdirilməsinə ehtiyac var, onlara müxtəlif təlimlər keçilməlidir.
Düşünürəm ki, 500 nəfərə bir psixoloq normaldır, çünki 500 şagirdin içində psixoloji dəstəyə ehtiyacı olan maksimum 10 nəfər olur. Onlarla iş düzgün qurularsa, mütəmadi izlənilərsə, hesab edirəm ki, effektiv nəticələr əldə ediləcək. Psixoloq sayını artırıb, keyfiyyətin dəyişmədiyini də görmək olar, bir psixoloqla daha keyfiyyətli xidmət də. Bu, tamamilə fərdi bacarıqlarla əlaqəlidir. Təklifim odur ki, məktəb psixoloqlarının şagirdlərlə işinin təşkili, problemli ailərdən gələn şagirdlərlə iş metodikası inkişaf etdirilsin. Psixoloqlar mütləq öz üzərilərində işləməlidirlər. Köhnə biliklər artıq kifayət etmir. “Z” nəslinin öz problemləri var. Kompüterdən, telefondan asılılıq, zərərli vərdişlərə meyil etmə artır. Müharibənin gətirdiyi reallıqları da unutmaq olmaz. Psixoloq dəstəyilə şagirdləri intihardan xilas etmək, zərərli vərdişlərdən çəkindirmək, onlarda aqressiyaya son qoymaq mümkündür. Törə Zeynallı Demokrat.az


