Gündəm Özəl

Bu sahə üzrə ciddi kadr problemi yaşanır: “Xaricdən mütəxəssis cəlb etmək mümkün deyil”

Bu sahə üzrə ciddi kadr problemi yaşanır: “Xaricdən mütəxəssis cəlb etmək mümkün deyil”

"2009-cu ildə ratifikasiya edilmiş "Kibercinayətkarlıq haqqında" Budapeşt Konvensiyasına əsasən 24/7 şəbəkəsi vasitəsilə sübutların toplanması, rəsmi məlumatların təqdim edilməsi və şübhəli şəxslərin yerinin müəyyən edilməsi istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən daim müvafiq işlər həyata keçirilir”.

Demokrat.az xəbər verir ki, bu, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin "Critical Infrastructure Defence Challenge 2023" ilə bağlı keçirilən mətbuat konfransında səsləndirilən müraciətində bildirilib.

Qeyd edilib ki, bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi ixtisası üzrə müasir tələblərə uyğun yeni təhsil proqramı hazırlanıb:

“Yeni proqram Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər tərəfindən Türkiyə, Almaniya, İsveçrə, ABŞ kimi inkişaf etmiş ölkələrin təcrübələrinə əsasən hazırlanıb", - müraciətdə bildirilir.

ADA Universitetinin informasiya texnologiyaları və informasiya elmləri üzrə müəllimi Nəriman Əliyev Demokrat.az-a açıqlamasında kibertəhlükəsizlik sahəsi ilə bağlı ölkədə mövcud olan bəzi problemli məqamları sadalayıb:

“Doğrudur, təhsil proqramı hazırlanıb. Bir çox mütəxəssislər də proqramın hazırlanmasında iştirak edib. Zənnimcə artıq 12 universitetdə bu tətbiq olunur. Ölkədə kibertəhlükəsizlik üzrə ciddi mütəxəssis boşluğu var. Buna görə də kibercinayətkarlıqla mübarizə aparacaq mütəxəssislər də azdır. Bu elə bir sahədir ki, xaricdən mütəxəssis cəlb etmək mümkün deyil. Yeganə yol yerli kadrların hazırlanmasıdır. Hal-hazırda sadəcə bir-iki universitetdə uğurlu nəticələr müşahidə edirik. Narahatlıq doğuran əsas məqam odur ki, 200 balla regionda hansısa universitetin kibertəhlükəsizlik ixtisasına qəbul olan tələbə hansı peşəkar müəllimdəndən dərs alacaq, hansı müasir infrastrukturlardan yararlanıb, təhsil alıb, mütəxəssis olacaq?!”

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova