Gündəm Özəl

“Fransa Ermənistandakı revanşist qüvvələri müdafiə edir” — ŞƏRH

“Fransa Ermənistandakı revanşist qüvvələri müdafiə edir” — ŞƏRH

Deputat Tural Gəncəliyev deyib ki, Fransa və Ermənistan arasında imzalanan müqavilə regionda balansın pozulmasına gətirib çıxaracaq.

Demokrat.az xəbər verir ki, deputat Milli Məclisin iclasında Fransanın müstəmləkəçilik siyasətini bu gün də davam etdirdiyini bildirib:

“Fransanın Cənubi Qafqazda aqressiv siyasətini ifşa edən tədbirlər keçirməliyik. Keçən həftə Bakıda belə bir tədbir keçirildi. Biz bu zülmə qarşı olmalı, həmin xalqların səsinə səs verməliyik. Fransa II Dünya Müharibəsində qələbəyə parazittək ortaq olan ölkə kimi BMT Təhlükəsizlik Şurasının üzvü olmağa layiq deyil. Avropa Şurası Parlament Assambleyası kimi institutlar Parisdən çıxarılmalıdır”, - T.Gəncəliyev əlavə edib.

Fransa ilə Ermənistan arasında silah sazişinin regiona təsirlərini Demokrat.az-a şərh edən politoloq Sədrəddin Soltanın sözlərinə görə, rəsmi Paris bu addımı ilə bölgədə silahlanma istiqamətində tarazlığı pozur:

“Ermənistan Azərbaycana qarşı iddialarından əl çəkməyib. İki ölkə arasında hələ də sülh müqaviləsi imzalanmayıb, sərhədlər müəyyənləşməyib. Ermənistandakı revanşist qüvvələr Azərbaycana qarşı müharibəni təbliğ edirlər. Belə bir şəraitdə Fransa tərəfindən Ermənistan ordusunda islahatın aparılması, hərbi gücünün artırılmasına yönəlik tədbirlərin həyata keçirilməsi regionda müharibəni təşviq edir. Bu həm də Fransa tərəfinin Ermənistandakı revanşist qüvvələri müdafiə etməsi deməkdir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova