Quba rayonunda 1987-ci il təvəllüdlü Telman sərxoş vəziyyətdə anası Nazlıya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin avqustun 22-də, gecə saat 1 radələrində Quba rayonu, 1-ci Nügədi kəndində baş verib.
Telman evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən anasının saçlarından və sol qulağından əlləri ilə tutaraq dartıb, sol qoluna təpik vurub.
Hadisəni törədən Telmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, avqustun 21-də, saat 21-22 radələrində sərxoş halda evə gəlib:
“Arvadım və anam mənə evin əşyalarını sataraq pulunu spirtli içkiyə verməyimi irad tutdular. Mübahisə etdikdən sonra avqustun 22-nə keçən gecə, saat 1 radələrində anam üstümə gəldi, qışqıraraq məni təhqir etdi. Mən də əsəbimdən anamın saçlarından və qulaqlarından tutaraq dartdım, ayaqla özümdən kənara itələdim. Həmin vaxt gördüm ki, anamın qulağından qan gəlir. Sonra anam təcili tibbi yardım maşını ilə xəstəxanaya getdi”.
Bu cinayət işinə Quba rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Telmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


