“Separatçı rejimin cinayətkar üzvləri bəlkə də artıq Azərbaycan ərazisini tərk ediblər. 400-dən artıq cinayətkarın siyahısı təqdim edilib, onların həbs edilib, təhvil verilməsi tələb olunur. İndiki quldur rejim tərəfindən onların həbs edilməsi inandırıcı və gözlənilən deyil. Çünki cinayətləri birgə törədiblər. Bununla bağlı konkret arxiv sənədləri var ki, onları da məhv etməyə, mümkün olarsa, Ermənistana ötürməyə çalışırlar”.
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.
O hesab edir ki, Azərbaycanın hüquq-mühafizə orqanları Rusiya hərbi kontingenti ilə birləşib qısa müddət ərzində Xankəndində və digər bölgələrdə birgə patrul həyata keçirməlidir:
“Təhil verilən silahların sayına və Qarabağda mövcud olan qanunsuz erməni silahlı birləşmələrinin sayına diqqət etdikdə deyə bilərik ki, yalnız 1000-dən bir qədər artıq, yəni 10-12 faiz atıcı silah təhvil verilib. Böyük əksəriyyəti hələ də separatçıların, mülki şəxslərin və Qarabağda olan Ermənistan ordusunun əsgərlərinin əlindədir. Bu, potensial təhlükə deməkdir”.

Politoloqun fikrincə, Azərbaycan Xankəndindəki separat rejimə vaxt verməməlidir:
“Azərbaycan tərəfindən xahiş edirdilər ki, bir müddət Xankəndinə müdaxilə edilməsin. Mənə elə gəlir ki, gözləməyə ehtiyac yoxdur. Ən azından son yanacaq çəni partlayışı hadisəsi göstərdi ki, bu cinayətkarlar canlarını qurtarmaq üçün yüzlərlə günahsız ermənini qurban verə bilərlər. Digər terror hadisələrinin də törədilməsi an məsələsi ola bilər. Azərbaycan tədricən Xankəndi və digər ərazilərdə komendantlığını qurmalıdır”.
Törə Zeyallı Demokrat.az


