Kriminal Özəl

Parkda dostlar arasında qanlı dava — TƏFƏRRÜAT

Parkda dostlar arasında qanlı dava — TƏFƏRRÜAT

Bakının Yasamal rayonunda 2005-ci il təvəllüdlü İsmayıl tanışı Novruza xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 7 oktyabr 2022-ci ildə “Qismət” şadlıq sarayının yaxınlığındakı istirahət parkında baş verib.

İsmayıl parkda olarkən tanışı Novruzun onunla zarafat etməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan onunla mübahisə edib, bıçaqla kürək nahiyəsindən qəsdən vurub.

Hadisəni törədən İsmayılın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, oktyabrın 7-də dostu Ayxanla birlikdə “Qismət” şadlıq sarayının yaxınlığında yerləşən parkda gəzərkən Novruzun da orada tək gəzdiyini görüb: “Ona yaxınlaşaraq söhbət etməyə başladıq. Söhbət zamanı Novruz mənimlə kobud, söyüş ifadələri ilə zarafat etdi. Mən də Novruza irad bildirərək yavaş danışmasını, ətrafdakı insanların eşitdiyini bildirdim. Bu iradımdan sonra Novruz mənə cavab qaytararaq “istədiyim kimi danışaram, ağzımın yiyəsi sən deyilsən” dedi. Bundan sonra aramızda mübahisə yarandı. Daha sonra mübahisə əlbəyaxa davaya çevrildi. Mən qorxdum və bilmədən üzərimdə olan dırnaqtutanın arxasındakı balaca bıçaqla Novruzun kürək nahiyəsindən bir dəfə vurdum. Novruz ağrıdan qışqırdı. Mən də bıçağın Novruzun bədəninə batdığını hiss etdim. Hadisəni törətdikdən sonra evə getdim. Baş vermiş hadisəni atama danışdım. Atam da məni bölməyə apardı”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayılın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova