Şirvan şəhərində 1958-ci il təvəllüdlü Salman ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nəzakətə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 1-də baş verib.
Salman yaşadıqları evdə arvadı Nəzakətə yumruq zərbələri ilə sağ və sol qol nahiyyələrinə vuraraq, ona xəsarətlər yetirib.
Hadisəni törədən Salmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Salman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nəzakət ilə 1997-ci ildə evlənib və birgə nikahlarından 3 övladı olub: “Nəzakət ilə münasibətlərimiz yaxşı olub. Lakin aramızda mübahisələr olub. Hadisə günü, saat 10 radələrində arvadım mənə işləməyimi dedi. Sonra aramızda mübahisə yarandı. Mübahisə zamanı arvadımın üz və qol nahiyyələrinə yumruq zərbələri vurdum. Sonra arvadım barəmdə şikayət etdiyini eşitdim”.
İş üzrə zərərçəkmiş Nəzakətin sözlərinə görə, əri Salman ilə münasibətləri normal olmayıb, aralarında mütəmadi olaraq mübahisələr olub: “Salman spirtli içki qəbul edərək evdə əsassız münaqişələr yaradıb. Hadisə günü ərimə iş taparaq işləməsini bildirdim. Lakin ərim işləməyəcəyini dedi. Təxminən saat 11 radələrində aramızda mübahisə yarandı. Mübahisə zamanı Salman sağ və sol qol nahiyələrimə yumruq zərbələri endirdi. Bundan sonra Salmana polis bölməsinə zəng vuraraq məlumat verəcəyimi dedim. Bundan sonra Salman yaşadığımız evi tərk edərək getdi. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdim”.
Bu cinayət işinə Şirvan şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Fariz Məlikli Demokrat.az


