Bakının Suraxanı rayonunda 1998-ci il təvəllüdlü Tural həyat yoldaşı Esraya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 12-də baş verib.
Tural həmin gün, saat 21.00-da yaşadığı evdə arvadı Esranın ona spirtli içki içməsini irad bildirməsi səbəbindən aralarında mübahisə yaranıb.
Yaranmış mübahisə zamanı Tural Esranı qəsdən əl və ayağı ilə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Esra onun rəsmi nikahda olduğu həyat yoldaşıdır:
“Esra ilə 2022-ci ilin mayında rəsmi olaraq ailə həyatı qurmuşam. Bizim birgə nikahımızdan 1 oğul övladımız var. Arvadım ilə münasibətlərimiz daim yaxşı olub. Lakin son vaxtlar tez-tez spirtli içki içməsi səbəbindən aramızda mübahisələr yaranıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 12-də, saat təxminən 21.00-da içkili vəziyyətdə yaşadığı evə gəlib:
“Evə gəldiyim zaman arvadım mənə spirtli içki içməyimi irad bildirdiyi üçün əsəbləşdim. Əl və ayağım ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdim. Əməlimdən peşmanam”.
Bu cinayət işinə Suraxanı rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Turalın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


