Astarada sanitar-gigiyena qaydalarının pozulmasına görə 4 vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə Astarada həyata keçirilən tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, yerin təkindən istifadə edərək qanunsuz qum və torpaq daşınması faktları aşkar olunub.
Hər il çimərlik mövsümü ərzində ətraf-mühit problemləri özünü daha çox büruzə verir. Çimərliklərdə sahilyanı ərazilər, dəniz suyu, o cümlədən digər su hövzələri çirklənməyə məruz qalır, anti-sanitar vəziyyət yaranır. Bakı ilə yanaşıölkənin digər dənizkənarı bölgələrində vəziyyət daha acınacaqlı olur, insanlar dənizi, sahili zibilləyir.
Bu problemlərin hələ də davam etməsi onu deməyə əsas verir ki, vətəndaşlar arasında ekoloji tərbiyəni yüksəltmək, ekoloji maarifləndirmə aparmaq üçün mütəmadi işlər görülməlidir.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, ekspert Elman Cəfərli Demokrat.az-a açıqlamasında deyib ki, qızmar yay aylarında əhalinin ən çox üz tutduğu istirahət məkanlarından biri də Xəzərsahili çimərliklərdir.

Sədrin sözlərinə görə, təəssüf ki, Azərbaycanda daha çox kasıb əhalinin istirahət məkanı olaraq seçdiyi çimərliklərin durumu ürəkaçan deyil:
"Əvvəla, Xəzərsahili ərazilər birmənalı olaraq hasarlanıb. 30 il qabaq yay aylarında yerli və əcnəbi turistlərin gur olduğu Abşeron çimərliklərinin ərazisi xeyli kiçilib. İctimai çimərliklər yox dərəcəsindədir. Əksəriyyətində giriş ödənişli, xidmətin keyfiyyəti isə aşağıdır. Çimərliklərin girirşində minik avtomobillərinin əlindən tərpənmək olmur. Əksər çimərliklərdə antisanitariya hökm sürür".
E.Cəfərli bildirib ki, hər il Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə Bakı və Sumqayıt şəhərləri, Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərdə monitorinqlər aparır:
"Bu il keçirilmiş monitorinqlər zamanı Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb. Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonu Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərində aparılmış monitorinqlər zamanı dənizin tullantı və çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib".
Ekspert qeyd edib ki, dəniz sahilinə şəhər və qəsəbələrin kanalizasiya sistemləri yenidən qurulmalı, bu sahədə üzə çıxan nöqsanlar aradan qaldırılmalıdır:
"Çünki dənizi və sahil çimərliklərini sistemli şəkildə çirkləndiriən əsasan kanalizasiya sularıdır. Ötən il dostlarla birgə Corat çimərliyinə getmişdik. Müvafiq yer axtarışı ilə dəniz sahilində gəzişirdik. Bir yerdə dar bir arx vasitəsilə Corat qəsəbəsindən kanalizasiya sularının dənizə töküldüyünün şahidi oldum. Corat qəbiristanlığı yaxınlığında yeni evlər tikilib. Amma o evlərin kanalizasiya sistemi bərbaddır. İllərdir yerli sakinlər bələdiyyəyə müraciət etsələr də tədbir görən yoxdur".
E.Cəfərli təəssüflə əlavə edib ki, bu kimi hallara cənub bölgələrinin çimərliklərində də rast gəlinir:
"Dənizsahili çimərliklərin təmizliyinə təkcə bələdiyyə və müvafiq qurumlar cavabdeh deyil. Dəniz sahilində yaşayan insanlar, çimərliyə istirahətə gələnlər ətraf-mühitin təmizliyinə riayət etməlidir. Dənizsahili iaşə müəsissələrində xidmətin qiyməti “əlyandıran” olduğundan çox vaxt insanlar evdən özlərilə bişmiş və yayarımfabrikat qida məhsulları, ərzaq, meyvə-tərəvəz gətirirlər. Bu, normaldır. Ancaq əksər çimərliklərdə məişət tullantıları üçün dəmir və ya plastik qablar olmadığından, çox vaxt uzaqda qoyulduğundan insanlar meyvə qabıqlarını, tərəvəz çəyirdəklərini, tumlarını elə oturduqları yerə tökürlər. Guya iz itirəcəklərmiş kimi bəzən quma da basdırırlar. Amma küləyin təsirilə səhəri gün həmin tullantılar üzə çıxır, ətrafa dağılır. Və ürəkbulandıran bir durum yaranır".
Bunun qarşısını almaq üçün maarifləndirmə tədbirlərinin aparılmalı olduğunu deyən ekspert hesab edir ki, bu məsələdəqeyri-hökumət təşkilatları və medianın üzərinə böyük vəzifə düşür:
"Onlar maarifləndirici sosial çarxlar hazırlamalı və sosial şəbəkələrdə, TV-lərdə yaymalıdır. Bundan başqa gənc nəslin ekoloji tərbiyəsi məktəb yaşlarında başlamalıdı. Bu məsələdə, məktəblərin, valideynlərin üzərində böyük məsuliyyət var. Uşaqlara ətraf-mühitə, canlı aləmə sevgi hissi erkən yaşlarında aşınlamalıdır.
Xəzərsahili ərazilərin təmizlənməsi məqsədilə ictimai iməciliklər həyata keçirilməlidir. Bunu nüfuzlu QHT-lər təşkil etsə, daha yaxşı olar. Bu cür aksiyalara tələbələri, məktəbliləri könüllü şəkildə cəlb etmək lazımdır. Bu cür aksiyalar ilboyu davam etsə, çimərliklərdə əhvalımızı pozan ümumi mənzərəni qismən də olsa dəyişmək mümkündür”.
Törə Zeynallı Demokrat.az


