Türkiyə xüsusi xidmət orqanları əməliyyat keçirərək, terror təşkilatı İŞİD-in məxfi dosyesini, o cümlədən terror aktları törədə bilən 10 minə yaxın fərdi şəxsin siyahısını əldə edib.
Azpost.info bildirir ki, “Sabah” qəzeti çərşənbə günü təhlükəsizlik mənbələrinə istinadən yazır ki, bu sənəd uzun illər CIA, Mi-6 və Mossad tərəfindən axtarılıb.
“Gizli dosyedə təşkilatın üzvlərinin tərcümeyi-halı, onların xüsusi hazırlığı, təşkilatçılıq bacarığı, istifadə etdiyi silahlar, milliyyəti, ailə üzvləri, ünvanları, əlaqə məlumatları var”, – nəşr yazıb.
Qəzet yazır ki, Türkiyə xüsusi xidmət orqanları tacik dilində edilən telefon danışığını ətraflı təhlil edib.
“Yoxlama prosesi başlayıb. Aydın olub ki, İŞİD-in hansısa “yük”ün mübadiləsini planlaşdırır və mübadilə İstanbulda baş tutmalı imiş. Lakin “yükün” içində nə olduğu, mübadilə nə vaxt aparılacağı məlum olmayıb. Yükün dünyaya səpələnmiş 9952 İŞİD terrorçusunun bioqrafik məlumatlarını ehtiva edən rəqəmsal yaddaş daşıyıcısında olduğu üzə çıxıb. Müəyyən edilib ki, “yalquzaq” adlandırılan bu insanlar əvvəllər deşifrə edilməyib və təkbaşına hərəkət edə bilirlər”, – deyə “Sabah” bildirib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Britaniyanın Mİ6, İsrailin Mossad və İranın VAJA kəşfiyyat agentlikləri uzun illərdir ki, İŞİD-ə sızmaq üçün əks-kəşfiyyat fəaliyyəti həyata keçirirlər.
“Uzun illərdir ki, müxtəlif adlar altında dünya xüsusi xidmət orqanlarının 40 xüsusi agenti İŞİD silahlı terror təşkilatına məxsus dosyeyə daxil olmaq üçün Tacikistan, Özbəkistan və Pakistan dağlarında olub. Qərb kəşfiyyat agentlikləri üçün bu məlumat əvəzolunmaz dəyərə malik idi”, – qəzet yazır.


