Cəlilabad rayonunda 1979-cu il təvəllüdlü Rasim ailə münaqişəsi zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Fatiməyə (adlar şərti verilib – red) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 21-də baş verib.
Rasim həmin gün saat, 21 radələrində arvadı Fatimə ilə yaşadıqları fərdi yaşayış evinin həyətində ailə-məişət münasibətləri zəminində mübahisə edib.
Yaranmış mübahisə zamanı Rasim Fatimənin sol gözaltı nahiyəsinə qəsdən yumruqla vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Rasimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2011-ci ildə Fatimə ilə el adəti ilə ailə qurub:
“Əvvəllər Cəlilabad rayonunun kəndində valideyinlərim ilə birlikdə yaşadıq. Son 3 ildir ki, Cəlilabad şəhərinə köçdük. Cəlilabad şəhərində kirayə tutduğum evdə həyat yoldaşım Fatimə övladlarım və qaynanam Günay ilə birlikdə yaşayırıq. Son bir neçə aydır ki, spirtli içkilər aludəçisi olmuşam. Hər gün demək olar ki, spirtli içki qəbul edirəm, bu səpkidə Fatimə ilə aramızda münaqişələr baş verir”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Fatimə bir neçə dəfə barəsində polisə şikayət edib:
“Ancaq hər dəfə barışmışıq. Hadisə günü, saat 15 radələrində evdən çıxdım. Ailəm isə evdə qaldı. Son günlərin adətim üzrə spirtli içki qəbul etmək üçün Cəlilabad şəhəri, H.Əliyev prospektində “Silsilə” deyilən yerdə mağazaların birindən 3 manatlıq spirtli içki almışam. Həmin spirtli içkini qəbul etmişım. Bundan sonra sərxoş vəziyyətə düşmüşəm. Həmin gün saat 17 radələrində sərxoş vəziyyətdə piyada olaraq kirayə yaşadığımız evə gəldim. Evin həyətinə daxil olan kimi həyətdə Fatimə içkili vəziyyətdə gördü və məni danlamağa başladı. Fatimə məndən niyə içdiyimi soruşdu və aramızda mübahisə yarandı. Buna görə də əsəbləşdim və onu yumruqla üz nahiyəsindən, boyun nahiyəsindən vurdum. Fatimə zərbələrin təsirindən arxaya getdi. Bu zaman onu təpiklə bel nahiyəsindən də iki dəfə vurdum”. Təqsirləndirilən şəxs qeyd edib ki, Fatimə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edəcəyini deyib: “Həmin zaman artıq nə etdiyimi başa düşdüm və evin həyətindən çıxdım. Buna baxmayaraq Fatimə polisə şikayət edəndən sonra məni polis əməkdaşları içkili vəziyyətdə küçədə gördülər, polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində sərxoşluğum ilə bağlı həkim müayinəsindən keçdim. Həkim mənim orta ağır dərəcəli sərxoş olduğumu bildirdi. Özüm vərəm xəstəsiliyindən əziyyət çəkirəm. Hazırda əməlimdən səmimi peşmanam”. İş üzrə zərərçəkmiş Fatimənin sözlərinə görə, əri Rasim ondan təxminən 18 yaş böyükdür və spirtli içki aludəçisidir: “Rasim spirtli içki qəbul etdiyi üçün aramızda tez-tez münaqişələr baş verir. Bu səbəbdən anam mənimlə qalır. Rasim spirtli içki qəbul edəndən sonra məni döydüyü üçün bir neçə dəfə barəsində şikayət etmişəm. Lakin Rasim hərəkətlərini bir daha təkrar etməyəcəyinə söz verdiyi üçün hər dəfə onu bağışlamışam və barışmışıq. Rasim polisə şikayət etdiyi üçün son bir il ərzində məni döyməyib. Ancaq spirtli içki qəbul etməyə davam edib. Rasim işləmədiyi üçün özüm məcbur olub sahədə fəhlə kimi işləmişəm, azyaşlı övladlarımı saxlayıram”.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat 17 radələrində kirayə yaşadığı evin həyətində azyaşlı övladları ilə birlikdə olan zaman Rasim küçədən həyətə içkili vəziyyətdə daxil olub:
“Rasimi bu vəziyyətdə gördüm və nə üçün spirtli içki qəbul etdiyini soruşdum. Rasim isə “əcəb edib içmişəm, sənə neynirəm ki” dedi. Mən isə Rasimə “mən əziyyət çəkib sahədə işləyib, uşaqlarımızı saxlayıram, səndən ayrılacağam” dedim. Bunu dedikdən sonra Rasim üzərimə gəldi. Bir dəfə sol göz nahiyəmin alt hissəsinə və burun nahiyəmə yumruq zərbəsi vurdu. Mən zərbədən arxaya getdim. Rasim təkrar bir dəfə yumruqla boynumun arxa hissəsinə və təpiklə 2 dəfə bel nahiyəmdən vurdu. Həmin vaxt burnumdan qan gəldiyini gördüm. Rasimə polisə şikayət edəcəyimi dedim, küçəyə çıxdım. Rasim isə polisə şikayət edəcəyimi bildi və həyətdən qaçaraq getdi”.
Zərərçəkmiş bildirib ki, hazırda ailə münasibətlərini bərpa etməsələr də, cinayət əməli törətmiş Rasimlə barışıb, onu bağışlayıb.
O bildirib ki, təqsirləndirilən şəxsdən şikayəti yoxdur.
Bu cinayət işinə Cəlilabad rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Rasimin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


