Müsahibə Özəl

Ərdoğan Sinan Oğana hansı vəzifəni verəcək? — Acun Ilıcalının siyasətçi əmisi Demokrat.az-a DANIŞDI (MÜSAHİBƏ)

Ərdoğan Sinan Oğana hansı vəzifəni verəcək? — Acun Ilıcalının siyasətçi əmisi Demokrat.az-a DANIŞDI (MÜSAHİBƏ)

"Türkiyə Azərbaycanla Ermənistan arasındakı sülh prosesində əlindən nə gəlirsə, onu da edəcək".

Bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sabiq deputatı,məşhur türkiyəli televiziya prodüseri və aparıcısı Acun Ilıcalının əmisi Mustafa Ilıcalı Demokrat.az-a müsahibəsində deyib.

Sözügedən müsahibəni təqdim edirik:

— Mustafa bəy, son zamanlarda Azərbaycanla Ermənistan arasında sülh danışıqları getməsinə baxmayaraq, ermənilərin təxribatları yenidən intensivləşib. Belə davam edəcəyi təqdirdə, Türkiyə tərəfindən hansısa addımların atılması gündəmə gələ bilərmi?

— Bütün dünya bilir ki, biz iki dövlət, tək millətik. Türkiyə Azərbaycanla Ermənistan arasındakı sülh prosesində əlindən nə gəlirsə, onu da edəcək. Rəcəb Tayyib Ərdoğan yenidən Prezident seçildikdən sonra ilk səfərini Şimali Kipr Türk Respublikasına və Azərbaycana etdi.

Həmçinin, Ərdoğanın andiçmə mərasiminə Ermənistanın Baş naziri Nikol Paşinyanın da gəlməsi önəmli idi. Nəticədə, Türkiyə Azərbaycanla birlikdə bir gücdür. Türkiyənin tərəflər arasındakı bundan sonrakı müzakirələrdə mənfini müsbətə çevirəcəyi və hər cür dəstəyi verəcəyi qənaətindəyəm. Hər zaman da azərbaycanlı qardaşlarımızın yanında olacağımızı vurğulayıram.

Ərdoğan Sinan Oğana hansı vəzifəni verəcək? — Acun Ilıcalının siyasətçi əmisi Demokrat.az-a DANIŞDI (MÜSAHİBƏ)

— Sinan Oğan prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğana dəstək olduğu üçün sizcə ona yaxın gələcəkdə hansısa vəzifə veriləcək?

— "Cümhur İttifaqı"nda heç bir zaman bazarlıqla iş görülməz. Yəni "Millət İttifaqı"ndakı kimi qazanılacağı təqdirdə, vitse-prezidentlik və ya nazirliklər vəd olunmaz. Buradakı mənfəət ölkə və millət mənfəətidir. Sinan Oğanın verdiyi dəstəklə Türkiyə sabitlik və güvəni seçib. Bunu da bütün türk xalqı və Rəcəb Tayyib Ərdoğan bilir.

Sinan Oğanın bəlli bir təcrübəsi var. Bu gün bir vəzifə verilməsə də, sabah ona ehtiyac olan başqa bir məsələdə mütləq şəkildə dəyərləndirilmə aparılacağı qənaətindəyəm.

Əlbəttə ki, Sinan Oğanın Türkiyə üçün etdiyini hər kəs ən yaxşı şəkildə bilir. O dəstək verdi, amma bundan sonra heç nə olmayacağını düşünmək də yanlış olar.

— Seçkidən sonra sizin də nazir təyin olunacağınız iddia olunurdu. Bununla bağlı nə deyə bilərsiniz?

— Həqiqətən nazirlərin təyinatı ilə bağlı müəyyən təxminlər olur. Mən də 44 ilini nəqliyyat sahəsinə vermiş, Rəcəb Tayyib Ərdoğanın İstanbulda bələdiyyə sədri olduğu dönəmdə nəqliyyat şöbəsinin müdiri olmuş, universitetdə, parlamentdə nəqliyyat və tıxac məsələsinə çox töhfəsi olan bir insanam. Türkiyədə hansı görüşə sahib olmasından asılı olmayaraq, nəqliyyat və tıxac deyiləndə insanların ağlına ilk gələn şəxslərdən biriyəm.

Təxmin edirəm ki, çox sayda vətəndaşımız da bizi buna layiq görüblər. Amma bu iş nəsib məsələsidir. Nəticədə son qərarı Prezident verir. O da belə bir seçim edib. Yeni nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunu da çox yaxından tanıyıram. Avtomobil Yollarının baş direktoru olub. Çox uğurlu olacağını bilirəm. Mən isə nazir və ya millət vəkili olsam da, olmasam da ölkəmə, Prezidentimə əlimdən gələn bütün dəstəyi verərəm.

— Bəs Nazirlər Kabinetinin yeni tərkibini necə qiymətləndirirsiniz?

— Nazirlər Kabinetinin yeni tərkibinin çox uğurlu insanlardan formalaşdığını görürəm. Türkiyə yeni əsrdə bu Nazirlər Kabineti ilə də Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmiz adına verəcəyi əsər və xidmətlər artaraq davam edəcək. Parlamentdə üstünlüyə sahib olduğumuz üçün də millətimizin mənfəətinə yarayacaq düzəlişlər edə bilərik. Hətta müxalifət dəstək verərsə, yeni Konstitusiya ilə bağlı da önəmli addımlar atılacaq.

Ərdoğan Sinan Oğana hansı vəzifəni verəcək? — Acun Ilıcalının siyasətçi əmisi Demokrat.az-a DANIŞDI (MÜSAHİBƏ)

— Türkiyədəki ən böyük problemlərdən birinin də ölkədəki suriyalıların sayının çox olması göstərilir. Seçkidən sonra suriyalıların bir hissəsinin ölkələrinə göndəriləcəyi iddia olunur. Bu istiqamətdə ilkin addımlar nə zaman atılacaq?

— Türkiyə bu mövzuda da həssasdır və müharibədən qaçanlara sahib çıxıb. Ölkəmiz onlara qucağını açaraq, qonaq edib. Hazırda da onların könüllü şəkildə Suriyaya qayıtmaları üçün başda sərhəd təhlükəsizliyini təmin etməli, eləcə də orada yeni tikiləcək evlər və açılacaq iş yerləri ilə geri qayıtmalarına şərait yaratmalıyıq. Müxalifətin suriyalıların nə sayı ilə bağlı dediyi rəqəmlər, nə də planlar doğru deyil. Qonaq etdiyimiz insanları məcburi şəkildə geri göndərmək nə bizim anlayışımıza, nə də qonaqpərvərliyimizə qətiyyən uyğun gəlməz. Suriyadakı infrastrukturlar tamamlandıqca onların vətənlərinə geri qayıdacağını düşünürəm.

— Gələn il keçiriləcək bələdiyyə seçkilərində AKP İstanbul, Ankara və İzmir kimi şəhərlərdə qələbə qazanmaq üçün kimləri namizəd göstərə bilər?

— Prezident Rəcəb Tayyib Ərdoğanın xüsusilə İstanbulda çox böyük əməyi var. O, 4 il yarım boyunca İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri olarkən çox böyük xidmətlər edib. Adaların altından su xətlərinin çəkilməsi, metro və s. kimi çox sayda layihə həyata keçirib. Amma bu gün vətəndaşlar İstanbuldakı bələdiyyə xidmətlərindən çox narazıdır. Tıxac problemləri də hər keçən gün artmaqdadır.

Məncə, növbəti bələdiyyə seçkilərində Prezident bu işləri bilən, xalq tərəfindən dəstəklənən şəxsləri İstanbul, Ankara, İzmir və digər şəhərlərdə namizəd göstərəcək. Prezidentin dəstəyi, namizədlərin də təcrübəsi ilə vətəndaşlarda yaranacaq güvən ilə başda İstanbul və Ankara olmaqla, bir çox bələdiyyələrdə AKP-nin qazanacağını düşünürəm.

Elmir Kamal Demokrat.az

D
demokrat.az