Gədəbəy rayonunda 2000-ci il təvəllüdlü Niyazı nənəsi Cəmiləyə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Gədəbəy rayonu, Slavyanka kəndində baş verib.
Niyazi yaşadıqları evdə nənəsi Cəmilə ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun baş və sifət nahiyəsinə yumruqla ardıcıl bir neçə zərbə vurub.
Hadisəni törədən Niyazinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Niyazi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır, fərdi əməklə məşğul olur:
“Zərərçəkmiş Cəmilə mənim ana nənəmdir. Nənəm Slavyanka kəndində özünə məxsus bir otaqlı evdə yaşayır. Uşaqlıqdan nənəm məni saxlayıb. Atam ilə anam yola getmədiklərindən məni nənəm saxlayıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, onun borcu yaranıb:
“Nənəmə dedim ki, bu borcu bağlamaq üçün mənim payıma düşən torpağı satmaq istəyirəm. Nənəm də mənimlə razılaşdı. Mən torpağı satmaq üçün müştəri axtardım. Bir nəfər zəng vuraraq torpağa baxmaq istədiyini dedi. Özüm olmadığımdan ünvanı həmin şəxsə başa saldım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 8 mart 2023-cü ildə həmin şəxslər torpaq sahəsinə baxmağa gediblər:
“Sonra həmin şəxslər mənə zəng vurdu. Dedilər ki, nənən səs-küy salaraq torpağı satmadığını bildirir. Həmin şəxslər torpağ mübahisəli olduğundan almaq istəmədiklərini bildirdilər. Buna görə də onlar getdilər. Həmin günü saat 13 radələrində kəndə yaşadığım evə gəldim. Nənəmi çağırdım. Nənəm isə qışqıra-qışqıra yanıma gəldi. Nənəmdən nə üçün belə etdiyini soruşdum. Onunla razılaşdığımızı xatırlatdım. Hansı səbəbdən müştəriyə ağzına gələni deyib, yola saldığını bildirdim. Nənəm yaxşı etdiyini, torpaq sahəsinin ona məxsus olduğunu, satıbsatmayacağını qeyd etdi. Əsəbiləşərək nənəmin baş və sifət nahiyəsinə yumruqla ardıcıl bir neçə zərbə vurdum. Nənəm aldığı zərbələrin təsirindən yerə yıxıldı. Əsəblərim sakitləşmədiyi üçün masanın üstündən oxlovu götürdüm və nənəmin ayaqlarına, qoluna, bədəninin müxtəlif yerlərinə vuraraq ona xəsarət yetirdim. Bir neçə gün sonra eşitdim ki, nənəm onu döyməyim barədə Gədəbəy rayon polis şöbəsinə şikayət edib”.
Bu cinayət işinə Gədəbəy rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Niyazi 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum eidlib.
Təqsirləndirilən şəxsin üzərinə Gədəbəy rayonunu hüdudlarını tərk etməmək, axşam saat 22.00-dan səhər saat 07.00-dək Gədəbəy rayonu Slavyanka kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Fariz Məlikli Demokrat.az


