“İran dövləti Cənubi Azərbaycanın strateji əhəmiyyətini bildiyi üçün Urmiya gölünü qurutmağa çalışır. Çünki Urmiya gölü Türkiyə sərhədinə yaxın olduğu üçün mollanrejimi həmin bölgəni türksüzləşdirməyə çalışır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Güney Azərbaycandan olan politoloq, İran və Qafqaz üzrə siyasi mütəxəssis Kərim Əsgəri Urmiya gölünün qurudulması məsələsinə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, İran dövləti həmin ərazilərdə daha çox etnikləri yerləşdirmək siyasətini həyata keçirtmək niyyətindədir:
“Oradan azərbaycanlıları köç etdirməyə çalışırlar. Əsas məqsəd də bundan ibarətdir ki, ora etniklər yerləşdirilsin. Bir neçə gün bundan öncə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirdi ki, PKK terroristləri bu gün İran tərəfindən sərhədin 40 km o tərəfində Maku şəhərinin bəzi yerlərindədir. Bu, nəyi göstərir? Bu, onu göstərir ki, İran bir tərəfdən terroristlərlə iş birliyi edir, o biri tərəfdən də Urmiya gölünü qurudaraq oradan xalqı köç etməyə məcbur edir.
Təəssüf ki, indiyədək bir çox kənd bu səbəbdən boşaldılıb. Bəlkə qarşıdakı zamanlarda ora başqa etniklərlə doldurmuş olacaq”.
Politoloq İran rəsmilərinin Təbriz şəhərinin köçürülməsi məsələsinə də münasibət bildirib:
“İranın Ətraf Mühiti Mühafizə Təşkilatının keçmiş başçısı və Urmiya gölünün bərpası üzrə qərargahın sabiq katibi İsa Kələntəri bildirib ki, “heç bir hökumət Urmiya gölünü bərpa edə bilməz, bu su hövzəsi qurusa, onda Təbriz şəhərinin köçürülməsi haqqında düşünməyə ehtiyac olacaq” ifadəsində də onların planları açıq-aydın bəlli olur.
Ümumiyyətlə, Kələntəri özü vəzifədə olduğu zamanlarda Urmiya gölü ilə bağlı hər hansı bir müsbət addımı olmayıb. Zaman-zaman bu barədə çıxış edirb və ümumiyyətlə atdığı addımlar da müsbət deyil. Sadəcə olaraq, onların niyyəti bəllidir.
Ümumiyyətlə, Qacarlardan sonra istər Pəhləvi dövləti, istərsə İran Respublikası dönəmi özünə ən təhlükəli rəqib kimi azərbaycanlıları və türkləri görüblər. Çünki Qacar dönəminin sonuna qədər türklərin və azərbaycanlıların İranda min illik keçmişi vardır. Bunu da farsçı İran dövləti özünə böyük bir təhlükə kimi görür.
İstər Pəhləvi dönəmi, istərsə də İran Respublikası dönəmində bu siyasət dəyişsə də, eyni sistem davam edib. Ana dilimizin yasaqlanması, iqtisadi, siyasi, mədəni qadağaların hamısı elə bu məsələdən qaynaqlanır. Əlbəttə ki, azərbaycanlılar da hər zaman buna qarşılıq verməyə çalışıblar”.
Nəzrin Demokrat.az


