Quba rayonunda 1980-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində həyat yoldaşı Könülə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 4-də Quba rayonunun kəndində baş verib.
Ceyhun yaşadığı evə spirtli içki qəbul edərək alkoqol sərxoşluğu vəziyyətində arvadının ayrı-ayrı kişilərlə görüşməsindən şübhələnməsi ilə bağlı formalaşan qısqanclıq zəminində əvvəlcə şillə zərbəsi ilə bir dəfə sifətindən vurub.
Daha sonra saçından tutaraq şillə-yumruq zərbələri ilə başından, sifətindən, daha sonra mobil telefonun adaptorunu götürərək qolundan və elektrik sobasının naqilini qıraraq yan tərəfindən vurub.
İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Könül ilə 2014-cü ildə ailə qurub, birgə nikahdan onların iki uşağı olub: “Könül ilə münasibətlərimiz əvvəl normal olsa da, sonradan naməlum səbəbdən ata evinə gedərək iki il orada qaldı. Evimizə qayıtdı”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci ilin iyul ayında qayınatası Vəliyə görə aralarında söz-söhbət yaranıb: “Qayınatam oğlum Vüsalı yanıma göndərdi, ona toy etmək üçün mənim vasitəmilə kredit almaq istədi. Kreditdən ehtiyat etdiymi üçün qayınatamın göndərdiyi təklifə razılıq vermədim. Buna görə arvadım və qayınatamın mənə qarşı münasibəti dəyişdi”.
Ceyhun deyib ki, avqustun 3-də yenə aralarında mübahisə yaranıb: “Mən içki içdikdən sonra evdən çıxaraq getdim. Avqustun 4-də, saat 06 radələrində evə qayıdandan sonra arvadımın başqa kişilərlə görüşməsindən şübhələnməyim ilə bağlı sorğuya çəkdim. Arvadım isə bunu inkar etdi. Arvadımın yalan danışmasını düşünərək əsəbləşdim. Könülün atı sürən zaman istifadə etdiyim çubuqla bir neçə dəfə vurdum. Sonra isə elektrik sobasının naqili ilə döydüm. Sonda Könülə inandım, evdən getdim. Evə qayıdanda Könülün atası evinə getdiyini öyrəndim”. Təqsirləndirilən şəxs deyib ki, sentyabrın ortalarında Könül uşaqlarla birlikdə onun yanına qayıdıb: “Oktyabr ayında yenidən uşaqları da götürərək ata evinə getdi. Elə həmin vaxtdan hal-hazıra kimi Könül ilə ayrı yaşayırıq. Könülü atı sürən zaman istifadə etdiyim çubuq və elektrik naqili ilə vurmuşam, şillə və yumruq zərbələri ilə vurmamışam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə 4 avqust 2022-ci ildə, saat 06 radələrində yaşadıqları Qu evdə baş verib. Onun sözlərinə görə, hadisə təxminən 20 dəqiqə davam edib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismnidə ifadə verən Könülün sözlərinə görə, həyat yoldaşı Ceyhun ilə ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşib: “Ceyhun spirtli içki içib və məni döyüb. Bu səbəbdən ayrılaraq iki il ata evində qaldım. Ceyhunun çoxsaylı yalvarışlarına görə barışaraq ər evinə qayıtdım”.
Zərərçəkmiş qeyd edib ki, avqustun 3-də, günorta saatlarında Ceyhunla aralarında mübahisə yaranıb: “Vəziyyətin daha da pisləşdiyini gördüm və qorxduğum üçün zəng edərək valideynlərimi çağırdım. Valideynlərim axşam saatlarında gələrək Ceyhunu sakitləşdirdilər. Həmin gecə saat 02 radələrində getdilər. Valideynlərim gedəndən sonra Ceyhun məndən telefonumu aldı və evdən getdi. Saat 06 radələrində Ceyhun evə gələrək mənim ata evində qaldığım iki il ərzində başqa kişilərlə görüşməyimdən şübhələndiyini bildirdi. Bununla bağlı məni sorğuya çəkdi. Mən isə kimsə ilə görüşmədiyimi bildirsəm də, Ceyhun inanmadı. Saçımdan tutaraq bir neçə şillə, sonra isə yumruq zərbələri ilə başımdan və sifətimdən vurdu. Mobil telefonun adaptorunu götürərək qolumdan vurdu. Sonra elektrik sobasının naqilini qırdı və həmin naqillə məni yenidən vurmağa başladı. Mən yalvarmağa başladım. Ceyhun sakitləşərək vurmağı dayandırdı”.
Zərərçəkmiş bildirib ki, Ceyhun saat 07 radələrində evdən çıxaraq gedib: “Mən də uşağı götürdüm və Ceyhunun ardınca evdən çıxaraq ata evinə getdim”.
Bu cinayət işinə Quba rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Ceyhunun barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


