Bakının Xətai rayonunda 1990-cı il təvəllüdlü Orxan münaqişə zəminində Ruslana xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 10-da, gecəyarısı baş verib.
Orxan orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Xətai rayonunda yolun hərəkət hissəsinin kənarında sərxoş vəziyyətdə olan Ruslanın ondan istədiyi 1 manat məbləğində pulu verməkdən imtina etməsi səbəbindən mübahisə edib.
Bu zaman Orxan əlləri ilə Ruslanın bel nahiyəsindən tutaraq badalaq atmaqla yıxıb, yerdə yıxılmış vəziyyətdə olarkən qəsdən baş və sifət nahiyələrindən bir neçə dəfə ardıcıl yumruq, təpik zərbələri vurub.
İstintaq orqanı tərəfindən Orxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, iyulun 9-da Xətai rayonu ərazisində yerləşən “Leyla” şadlıq sarayında toy məclisində iştirak edib, bir qədər spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətə düşüb:
“Saat 23.30-da toydan çıxaraq yaşadığım evə getmək üçün Xətai rayonu, S.Ə.Şirvani küçəsində yolun hərəkət hissəsinin kənarı ilə piyada hərəkət etdim. Bu zaman sonradan adını bildiyim Ruslan adlı şəxsin üzbəüz istiqamətdə gəlməsini gördüm. Ruslan mənə yaxınlaşdı, 1 manat pul istədi. Ruslanın danışığından və hərəkətlərindən sərxoş olduğunu gördüm. Ona baş qoşmamaq üçün yanından ötüb keçmək istədim. Lakin Ruslan pul vermədiyimə görə əsaslı səbəb olmadan ünvanıma nalayiq ifadə işlətdi. Ruslandan bunun səbəbini soruşsam da, sonuncu yenidən məni söydü. Ruslanın nalayiq ifadə və söyüşlərindən əsəbləşdim. Ona yaxınlaşaraq belindən tutaraq yerə yıxdım. Sonra onu yerdə yıxılmış vəziyyətdə baş və sifət nahiyələrindən bir neçə dəfə yumruq, təpiklə vurdum. Təxminən 4-5 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşdı və məni Ruslandan ayırdılar. Sonra məni Xətai rayon Polis idarəsinin 34-cü polis şöbəsinə apardılar”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ruslanın sözlərinə görə, iyulun 9-da, axşam yaşadığı evdə spirtli içki içib:
“Saat 23.30-da gəzmək üçün evdən çıxdım. Xətai rayonu, S.Ə.Şirvani küçəsində piyada hərəkət edərkən əvvəllər tanımadığım və görmədiyim, sonradan adının Orxan olduğunu bildiyim şəxsin gəlməsini gördüm. Üzərimdə pulum az olduğu üçün Orxan mənə çatdıqda ondan 1 manat istədim. Lakin Orxan pul vermədi və kobud cavab verdi. Bu zaman Orxana pul vermədiyinə görə sakit səslə nalayiq ifadə işlətdim və Orxan söyüşümü eşitdi. Oçkili olduğuma görə, həmin söyüşü söymüşəm. Orxanı təhqir etmək fikrim olmayıb. Buna görə aramızda sözlə mübahisə başladı. Orxan belimdən tutdu vı badalaq vuraraq yerə yıxdı. Yerdə olarkən mənə yaxınlaşdı və bir neçə dəfə əl, ayaqları ilə bədənimin sifət, baş nahiyəsindən yumruq, təpik zərbələri vurdu. Mən isə yerdə uzanıqlı vəziyyətdə həmin şəxsin zərbələrindən yayınmağa çalışdım. Bir neçə dəqiqə keçmiş hadisə yerinə polis əməkdaşları gəldi və bizi ayırdılar. Bundan sonra polis əməkdaşları xəsarətlər aldığımı gördü və hadisə yerinə təcili tibbi yardım maşını çağırdılar. Bir müddət keçmiş hadisə yerinə tibbi yardım maşını gəldi və məni xəstəxanaya apardılar”. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olamaqla 3 il şərti cəza təyin olunub.
Fariz Məlikli Demokrat.az


