Bakı Dövlət Universitetinin (BDU) professoru Qulu Məhərrəmli Milli Məclisin vitse-spikeri Fəzail İbrahimlinin bir neçə gün öncə parlamentdə çıxışı zamanı məmurları tənqid edən jurnalistlərin susdurulması ilə bağlı çağırışına münasibət bildirib.
Qulu Məhərrəmli Demokrat.az-a açıqlamasında deyib ki, Fəzail İbrahimlinin çağırışında qeyri-adi bir şey yoxdur:
"Bütün dünyada heç bir məmur, vəzifə sahibi, hakimiyyətdə təmsil olunanlar nə jurnalistləri, nə mətbuatı, nə də onların tənqidi çıxışlarını sevmir. Əlbəttə ki, jurnalistlər də öz işini vicdanla görməlidir. Çünki onlar cəmiyyətin getdiyi yolu işıqlandıran vasitənin təmsilçiləridir. Mətbuat xalqın adından danışır, onu təmsil edir. Ona görə nöqsanları da tənqiq etməlidir. Jurnalistlər cəmiyyətin inkişafı üçün problemləri, nöqsanları görməli, onu gün işığına çıxartmalıdır. Bütün jurnalistlərimiz doğrunu yazmalıdır. Yoxsa tənqid adıyla qərəzə yol vermək, kimisə qaralamaq, istər məmur olsun, istər sahibkar olsun, bu, düzgün deyil".
Professor qeyd edib ki, media heç kimin haqqında yalan və qərəzli yaza bilməz:
"Əgər jurnalist görür və susursa, bu, artıq cəsarət və vicdan məsələsidir. Jurnalistlər cəmiyyətin görən gözüdür, danışan dilidir. Ona görə də bu dilin susmağı, jurnalistlərin nöqsanlara göz yummağı, bilərəkdən sükuta dalmağı onun öz peşəsinə xəyanəti deməkdir".
Şəhanə Demokrat.az


