Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qardaşı Etibar İsgəndərov ifadə verib.
Demokrat.az xəbər verir ki, hüquqi varisi, qardaşı Etibar İsgəndərovun sözlərinə görə, Rəşad Dağlı ilə qohumluq münasibətləri olmayıb.
Onun sözlərinə görə, Rəşad Dağlı ilə dostluq münasibətləri olub.
Qeyd edib ki, onların Rəşad Dağlı ilə düşmənçiliyi də olmayıb.
Daha sonra prokuror Orxan Səmədovun suallarınl cavablandıran hüquqi varis deyib ki, qardaşı ilə eyni evdə yaşayıblar:
"Qardaşım həbsdən yeni çıxmışdı. Heç bir yerdə işləmirdi. Amma xəstəliyi ilə bağlı pensiya alırdı. Hadisə günü qardaşımı görmüşdüm. Bilsəydim belə hadisə olacaq evdən getməsinə imkan verməzdim. Qardaşım Rəşad Dağlıya, Rəşad Dağlı da ona zəng edib. Nəsə söhbət var ido6, gedib onu həll edəcəkdilər. Amma söhbətin nədən ibarət olduğunu bilməmişəm. Qardaşım dedi ki, söz-söhbət var, onu həll edəcəklər. Amma söhbətin kiminlə və nə ilə bağlı olduğunu bilməmişəm. Kiminlə danışaçaqdılar, kiminlə görüşücəkdilər, onu da bilməmişəm".
Daha sonra hakim deyib ki, zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmədə verdiyi ifadəsi ilə istintaqa verdiyi ifadəsi arasında ziddiyyətlər olub.
Hakim onun ibtidai istintaqa verdiyi ifadəsini elan edib.
Hüquqi varis ibtidai istintaqa verdiyi ifadəsində deyib:
"İskəndər həbsdən təzə çıxmışdı. Çıxandan 1-2 gün sonra Rəşadı axtarmağa başladı, amma tapa bilmədi. Sonradan bildim ki, İskəndər Rəşadın nömrəsini tapıb zəng vurub. Noyabrın 8-dən 9-a keçən gecə saat 4 radələrində İskəndər dedi ki, Rəşad bizə gələcək, evdə oturacaqlar. Hətta çay da qoydu. Az sonra Rəşad İskəndərə zəng elədi.
Telefon danışıqlarından başa düşdüm ki, birlikdə harasa gedəcəklər. Telefonu söndürəndən sonra İskəndər aqressivləşdi. Ondan nə baş verdiyini soruşanda dedi ki, Rəşad barədə xoşagəlməz söhbət var, onlar bir yerdə söhbətə gedəcəklər. Soruşdum ki, nə məsələdir, dedi ki, üzdəniraq söhbətidir və bu söhbəti edənlərin üstünə gedirlər.
Sonra isə dedi ki, Rəşad çaşsa, onu vuracağam. Mən İskəndərlə Rəşadın münasibətinin yaxşı olduğunu bildiyim üçün onun Dağlını vurmaq barədə dediklərini ciddiyə almadım”.
Növbəti proses mayın 19-da davam edəcək.
Fariz Məlikli Demokrat.az


