“Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əməkdaşlığı ildən-ilə genişlənir və bu ölkələrin üçdə biri artıq dövlətimizlə strateji tərəfdaşdır.”
Demokrat.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, Sofiyada imzalanmış memorandum isə enerji təhlükəsizliyi baxımından bu əməkdaşlığa yeni bir töhfədir və Avropa İttifaqı üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında razılaşma və bəyannamələr imzalanmış, sənəd qəbul edilmişdir.
“Cənab Prezident İlham Əliyev bildirmişdir ki, “Bu gün imzalanan Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyini gücləndirəcək və Azərbaycanın bir çox Avropa ölkəsinə daha çox qaz ixrac etməsinə imkan verəcək”. Azərbaycan Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyaya, bu ildən isə Ruminiyaya qaz ixrac edir. Macarıstan və Slovakiyaya ilin sonunadək Azərbaycandan qaz ixrac edilməsi nəzərdə tutulmuşdur. Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan 27 ildən çoxdur ki, Avropanın etibarlı xam neft tədarükçüsüdür, elektrik enerjisi də bizim ixracımızın bir hissəsidir.
Sofiyada imzalanmış memorandum, Avropa ölkələri ilə tərəfdaşlıq Azərbaycanın dünyada artan nüfuzunun və Azərbaycanın dövlət rəhbərinin sülhə, əminamanlığa, əməkdaşlığa, münasibətlərin yaxşılaşdırılmasına göstərdiyi səylərin nəticəsidir. Bu, dövlətimizin inkişafı üçün çox vacib və əhəmiyyətlidir”, deyə Tahir Rzayev bildirib.


