"Türkiyə istehsalı olan "Togg" avtomobilin insanlar arasında məşhurlaşması bir çox amillərdən asılıdır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.
Ekspertin sözlərinə görə, həmin avtomobilin ilk istifadəçisi və onun haqqında rəylər mühüm əhəmiyyət daşıyır:
"Yəni, istehlakçıların fikirləri avtmobilin populyarlaşması üçün mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, burada Türkiyə dövləti avtomobilin istehsalında ən qabaqcıl texnologiyadan istifadə ediblər. Ona görə də ümid edirəm ki, müsbət rəylər alacaq. Dünyada istehsal olunan avtomobillərdən geri qalmayacaq, hətta hir neçə parametrləri üstün olacaq. Amma, hər bir halda bunu cəmiyyət görməlidir".
Ekspert qeyd edib ki, istehlakçı psixologiyası da burada mühüm əhəmiyyət daşıyır:
"İstehlakçı psixologiyası burada öz sözünü deyəcək. Avtomobil loru dildə desək, özünü gərək təsdiqləsin. Ümid edirəm ki, özünü təsdiqləyəcək. Digər məqam isə onun qiymətidir. Hələlik bu avtomobilin qiyməti açıqlanmayıb. Onun qardaş ölkədə və Azərbaycanda qiyməti necə olacaq? Yaxşı şey ondan ibarətdir ki, Azərbaycanda elektromobillər bütün gömrük rüsumundan azaddır, əlavə dəyər vergisi yoxdur. Sadəcə avtomobil Azərbaycana gələndə daşınma xərci əlavə ediləcək. Hesab edirəm ki, əlçatan olmalıdır.
Üçüncü məsələ bizdə elektromobillərə maraq artmaqdadır, amma çox ləng artır. Onun da iki səbəbi var. Səbəblərdən biri odur ki, elektromobillərin enerji doldurulması sistemində biraz problemlər var.
İkinci səbəb də psixolojidir. Onun təmiri necə olacaq, özlərini təsdiq edəcəklərmi və s. Bu məsələ ilə bağlı cəmiyyətdə suallar var. Ən başlıcası elektromobillər dünyanın hər yerində baha qiymətədir. Xüsusən parametrləri ən yüksək olanlar kifayət qədər bahadır. Ona görə də, əksər insanların cibinə uyğun deyil.
Ümid edək ki, Türkiyə sənayesi bunun üstündə çox çalışır. Türkiyə avtomobil sənayesinin ilk və dünyaya açılan ilk nümunəsini təqdim edirlər. "Togg" avtomobilin populyarlaşmasıyla bağlı optimist fikirlərim var, amma müəyyən detallar aydın deyil. Aydın olanda daha dəqiq demək olar. Bəlkə də, artıq Azərbaycandan da sifarişlər gedib. Hazırda qiymət məsələsi də müzakirə mərhələsidir. Hələ pərakəndə satışıyla bağlı qərarlaşmayıblar. Yəqin ki, yaxın vaxtlarda müəyyən olunacaq".
Aynurə Demokrat.az


