"Ötən gün Azərbaycanın təcili yardım maşınları Xankəndinə daxil olub və orada erməni əsilli vətəndaşımıza yardım ediblər. Bu hadisəni qiymətləndirdiyimiz zaman onu deyə bilərəm ki, hər bir həkim ilk növbədə həkim məsuliyyətini dərk edərək istənilən yardıma ehtiyacı olan insana tibbi yardım göstərməlidir. Çünki hər bir həkim məsuliyyət və vəzifə öhdəliyi üzərinə götürüb".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, bu, Azərbaycan həkiminə yaraşan şərəfli hadisədir:
“Necə ki, müharibədə Vətənimizi qorumaq üçün vətəndaş borcunu yerinə yetirən Azərbaycan vətəndaşı və ordusu canını səfərbər etməyə hazır idi. Hər kəs də bilməlidir ki, Azərbaycan həkimi millətindən, düşüncəsindən, dini və sosial yanaşmasından asılı olmadan hər bir insana, həmçinin Azərbaycan torpaqlarında, ərazisində olan hər bir vətəndaşa tibbi yardım göstərmək kimi şərəfli vəzifəsi var. Həkimlərimiz bu vəzifəni şərəflə həyata keçirməyə hər zaman hazırdır".
Aynurə Demokrat.az


