"Azərbaycanın 32 illik dövlət müstəqilliyinin bərpası, o cümlədən İrəvanın itirilməsindən sonra ilk dəfədir ki, tarixi torpaqlara qayıdış mövzusu rəsmi, açıq, planlı, vahid strateji baxışla cəmiyyətin müxtəlif təbəqələri-dövlət hakimiyyəti və vətəndaş birlikləri, elmi və siyasi institutları, 3-cü sektor və partiyaları, medianın birgə iştirakı, müxtəlif ideologiyaları bir araya gətirməklə müzakirələri aparılır. Göründüyü kimi, yalnız hakimiyyətin, ayrıca partiyaların, hərəkatların, sosial qrupların deyil, bütövlükdə millətimizin yeni siyasi gündəliyi formalaşır. Əlbəttə, əgər 44 günlük müqəddəs müharibədə parlaq Zəfərimiz olmasaydı, yeni ideoloji hədəflər-Qayıdış hərəkatı ətrafında da birləşmək mümkün olmazdı".
Musavat.com xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc sədri olduğu İnsan hüquqları komitəsinin "Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış" mövzusunda keçirilən ictimai dinləmə zamanı deyıb.
O bildirib ki, Azərbaycan prezidenti komandası ilə yanaşı, xalqımızı da yeni hədəflərə hazırlayır: 
Qərbi Azərbaycana qayıdış təkcə bir bölgə əhalisinə aid deyil-belə demək mümkündürsə, “icma” ifadəsi şərti xarakter daşıyır, onu daxili siyasi mübarizə təşkilatı, iqtisadi mənfəət qrupu, mandat, vəzifə və imtiyaz uğrunda çarpışan qüvvəyə çevirmək nəzərdə tutulmur, son bir əsrdə və xüsusilə müstəqillikdən sonra Qarabağ ümummili səfərbərlik idealı olduğu kimi, tarixi torpaqlara dinc, sülhpərvər və qanuni qayıdış da xalqımızı bütövləşdirmək, vahidliyini qorumağa xidmət edir.
Dünyanın yenidən bölüşdürüldüyü indiki şəraitdə Azərbaycan prezidenti komandası ilə yanaşı, xalqımızı da yeni hədəflərə hazırlayır. Biz ölkə başçısının verdiyi mesajları düzgün dəyərləndirməliyik,söhbət hərbi hücum planlarından, Qələbədən sonra ambisiyalarını ermənilərin mifik iddialarına bir tutmaqdan, düşmənin xəstəliyinə yoluxmaqdan getmir. Qlobal təhlükəsizlik sisteminin indiki durumunda elita, ordu və millətimiz müharibədə olduğu kimi bir ideya ətrafında- Qələbəmizi qorumaq və onu irəliyə aparmaq üçün səfərbər olunublar!"
Komitə sədrinin sözlərinə görə, Prezidentin İkinci Qayıdış kursunu irəli sürməsi Ermənistanda ciddi narahatlığa səbəb olub: 
Lakin İlham Əliyevin tarixi missiyası-dövlətçiliyimizi həm coğrafi, həm də mənəvi yaddaş məkanında birləşdirməkdir. Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər. Prezidentin itirilmiş torpaqlara yeni məqsədlər və milli hədəflər kimi yanaşması, İrəvanla bağlı tarixi gerçəkləri və işğal coğrafiyamızın ümumi mənzərəsini yenidən canlandırması-1805-ci il-Kürəkçay, 1813-cü il-Gülüstan, 1828-ci il-Türkmənçay və 1920-ci il-İrəvan və Zəngəzur, 1990-93 cü illərdə Qarabağ torpaqlarının itirilməsi silsiləsinə son qoyması ilə yeni tarixin yazılması-bu proseslərin başlanğıcıdır. Tarixi ədalətsizlik dedikdə-200 ildən artıq Qərbi azərbaycanlıların müxtəlif siyasi quruluşlarda-şarizm, sovetlər və ermənilərin etnik təmizləmə və sıyqırımları nəticəsində yaşadığı fəlakətllər ön sırada durur. Nəticədə, həyatını itirən yüz minlərlə insanla yanaşı, qərbi azərbaycanlıların ziyalı, intellektual, mədəni, siyasi, hərbi elitası sayılan on minlərlə görkəmli simaları da məhv edilib. Nəhayət, 1988-ci ildə Qərbi Azərbaycan torpaqlarından əhalinin tamamilə deportasiyası ilə ermənilər bir coğrafiyada tam etnik təmizləməni başa vuraraq Azərbaycan ərazilərinə keçiblər. Türkiyəyə, İrana, Rusiyaya və Avropa ölkələrinə səpələnən azərbaycanlıların köçkünlük coğrafiyası çox genişdir. Müstəqillik tarixini yaradan Ulu öndər dövlət səviyyəsində tarixi yaddaşı önə çəkərək, 1997-ci il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi ata-baba torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalayıb, hadisələrə deportasiya və soyqırım cinayəti kimi qiymət verib, müvafiq dövlət komissiyası yaradıb. Ulu öndər özü şəxsən Komissiyaya rəhbərlik edib. Tarixin saxtalaşdırılması ilə savaş aparan İlham Əliyev son 20 ildə İrəvanın verilməsi ilə heç vaxt barışmayıb. Dövlət başçısından sitat:”..Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan-Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər”? Həqiqətən də Azərbaycan tarixinin ən böyük mirası-torpaqlarımız, maddi və mədəni irsimizin əsas hissəsi hazırda Ermənistan adlanan ərazilərdə qalıb".
Zahid Oruc bildirib ki, Qərbi Azərbaycan icması yalnız bir coğrafiyanı deyil, bütövlükdə ölkəmizin etnik-milli zənginliyini özündə əks etdirəcək: 
Ona görə də hazırki müzakirə prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında seçilən gündəliyə uyğun müəyyənləşib. Almaniyanın birləşməsindən sonra mühüm platformaya çevrilən Münxen zirvəsinin sörlövhəsi: ”Dağları aşarkən-Cənubi Qafqazda təhlükəsizlik” adlanırdı. Əlbəttə, biz Avropa ordularının Qafqaz dağlarını nə üçün aşdıqlarını yaxşı bilirik-lakin indi azərbaycanlıları Göyçə və Zəngəzur aşırımından üzü İrəvana dinc qayıdışa səsləyən ölkə rəhbəri təkcə Avropa auditoriyasına deyil, eləcə də region dövlətlərinə deyir ki, O, bütün tarixi dövrlərdə mübarizəsi yarımçıq qalmış əcdadların ideallarının təmsilçisidir. Ona görə də Qərbi Azərbaycan icmasının yaradılması, onun təsis edilməsində Birinci şəxsin bilavasaitə iştirakı xüsusi məna daşıyır. Beləliklə, Qərbi Azərbaycan icması gələcəkdə genişlənərək yalnız bir coğrafiyanı deyil, bütövlükdə ölkəmizin etnik-milli zənginliyini özündə əks etdirəcəkdir.
Qərbi Azərbaycan məsələsinin tarixi, mədəni, mənəvi kökləri ilə yanaşı, siyasi, ideoloji, geopolitik və hüquqi aspektləri var. Onu diplomatik təzyiq vasitəsi, yaxud hərbi-təhlükəsizlik amili kimi qəbul etmək yanlışdır. Millətin gələcək taleyi beynəlxalq konyunkturadan asılı qoyula bilməz. Ulu öndər Heydər Əliyev və İlham Əliyev heç bir xarici təzyiq altında torpaqlardan imtinaya imza atmayıblar. Prezident Qarabağ və status məsələsində ermənilərin siyasi iddiaları qarşısında İrəvan və Göyçə ilə tarazlıq yaratmağa çalışmır. Çünki ordu status məsələsini hərbi meydanda həll edib. Qayıdış kursunun bir qolu kimi Qərbi Azərbaycana dinc və layiqli dönüş sayı 4 milyona çatan insanlarla birlikdə, bütün xalqımızın torpağa və kökə bağlılığını canlı-diri saxlayan tükənməz mənəvi sərvətdir. 10 yanvar tarixli müsahibəsində Qərbi Azərbaycan idealının dövlət kursuna çevrilməsinin zəruriliyini əsaslandırarkən ölkə rəhbəri qeyd etdi ki, torpaqlar işğal altında olarkən məsələ indiki səviyyəyə qaldırılsaydı, vaxtından əvvəl açılan atəşə bənzəyərdi. Gerçəkdən də 8 noyabrdan sonra regionda mühüm dəyişliklər baş verib:
İlk növbədə-məğlubiyyət kompleksi və qorxulalara son qoyulub, milli və hərbi özünəinam artıb.
İkincisi, 90-cı ilin birinci Qarabağ müharibəsindən sonra formalaşan geosiyasi qüvvələr nisbəti Azərbayacanın xeyrinə dəyişib və proses hələ sona çatmasa da ölkəmiz Qələbəsini yeni regional arxitektura quruculuğuna daşıyır. Üçüncüsü, biz ona görə Qarabağa qayıda bildik ki, torpaq hissi və qayıdış ruhu canlı saxlanıldı. İndi Qərbi Azərbaycan məfkurəsinin dirçəlişinə ehtiyac var".
Millət vəkili onu da vurğulayıb ki, Ermənistandan yüz minlərə azərbaycanlının deportasiyasının xaricdə tanıdılması və qayıtma haqqına hüquqi qiymət verilməsi üçün beynəlxalq mexanizmlərin işə salınması lazımdır: 
Qərbi Azərbaycana təhlükəsiz qayıdış üçün bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq vacibdir. Məsələnin uğurlu təqdimatı və beynəlmiləl status qazanmasındən ötrü hüquqi çərçivənin yaradırılması gərəkdir.
İlk növbədə, Ermənistanın 1988-91-ci illərdə azərbaycanlı əhaliyə qarşı etnik əsaslarla genişmiqyaslı və sistematik zorakılıq törətməsinin milli genefondumuza təsirlərinə qiymət verilməlidir.
Qayıdış prosesini nizamlı və effektiv həyata keçirmək məqsədilə beynəlxalq tərəfdaşların tapılması, məsələn, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıq vacibdir.
Azərbaycanlılara qarşı törədilən cinayətlər kimi mülkiyyət hüququnun pozulmasına görə Ermənistana qarşı beynəlxalq məhkəmələrdə mülki iddialar qaldırılmalıdır.
Beynəlxalq ekspert və hüquqşünasları cəlb etməklə Qərbi Azərbaycana dönüşün qanunvericilik əsaslarını formalaşdırmağa çalışmalıyıq. Unutmayaq ki, BMT qətnamələri ordumuz tərəfindən yerinə yetirilməsinə baxmayaraq, 27 il ərzində dövlətimizin və millətimizi bütün platformalarda haqlı göstərən beynəlxalq aktlar idi.
Əslində qərbi azərbaycanlıların qaçqınlıq statusu ləğv olunmayıb. Lakin onu tam bərpa etmək haqqında təkliflər irəli sürərkən gəlin unutmayaq ki, o hüquq sosial yardım, humanitar imtiyaz deyil, ilk növbədə, 1988-ci ildə doğma yurdlarından didərgin düşən insanları hüquqi və siyasi baxımdan düşmənə qarşı birləşdirən haqdır. Dövlətimiz Böyük Qayıdışa hazırlaşarkən, irəvanlı, göyçəli, yaxud zəngəzurlu kimi qaçqınlıq statusu yalnız bir hədəfə-Qayıdış idealını gerçəkləşdirməyə yönəlməlidir.
Alimlər sübut edir ki, 20-25 ildən bir nəsil dəyişir. Ermənilərin qalıcı bir vətən və dövlət ideologiyası qurmağı bacardıqlarına dair geniş yayılan fikirlərə rəğmən, dərslik və təhsil sistemimiz nəinki İrəvana, yaxud Göyçəyə, eləcə də bütün tariximizə yenidən qiymət verməlidir. Biz bütün əsrlərdə məruz qaldımız köçkünlüyün reestrini yaratmalıyıq və tarixi yurdlara dönüş kitabını hazırlamalıyıq. Əlbəttə, Konsepsiyanın qəbulu mühüm siyasi və hüquqi hadisədir. İndi onu hər bir evin, ailənin yol xəritəsinə çevirməliyik.
Qərbi azərbaycanlıların bütün əsrlərdə köçünü əks etdirən vahid təqvim, anım, yaddaş günü və Qayıdış şüarı müəyyənləşdirməliyik!
Biz hüquqi müstəvini aşmadan, populizmə yol vermədən “yaddaş infrastrukturu olan-Heydər Əliyev mərkəzləri, gənclər evləri, mədəniyyət və bilik evləri, muzeylər, kitabxanalar, kitab mağazaları və s.-ni millət gündəliyinə uyğun çalışdırmalıyıq.
Ölkəmizin müvəkkil instituna yeni səlahiyyətlər verməklə, Qərbi azərbaycanlıların hüquqlarının qorunması üzrə Ombudsman fəaliyyətinə ehtiyac duyulur. Qərbi Azərbaycanlıların keçmiş sovet pasportlarındakı göstəricilərinin bərpasının hüquqi əhəmiyyətini nəzərə alaraq, qanunvericilik sistemində düzəlişlər zəruridir.
İstər Türk Dövlətləri Birliyi, istərsə də İslam Konfransı Təşkilatı və platformaları Qərbi azərbaycanlıların hüquqi statusu, onlara dəymiş ziyanın qiymətləndirilməsi işinə cəlb etmək üçün icmaya Xarici İşlər Nazirliyi tərəfindən müvafiq dəstəyin verilməsi də vacibdir. Dövlət protokolunda Qərbi Azərbaycan icmasının görüş və səfərlərdə nəzərə alınması məsələnin beynəlxalq müstəviyə çıxarılmasına kömək edərdi.
Beləliklə, bir daha xüsusi vurğulayarıq ki, təkcə elitanın deyil, hər bir azərbaycanlının böyük tarixi ideallara hazırlanması gərəkdir. Əgər paralellər apramaq istəsək, deyə bilərik ki, Göyçə Qərbi Azərbaycanın Şuşasıdır! Gəlin unutmayaq ki, Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır. Lakin tank və toplarla deyil, sülh müharibəsi ilə!"


