"Ötən ildə bələdiyyələr bir çox işlər görüblər, fəallıq göstəriblər. Həmçinin bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi, yerli vergi və ödənişlərin hesablanması və toplanması, bələdiyyələrin debitor borclarının həlli, əhalinin bələdiyyələr qarşısında yaranmış borcların ödənilməsi, bələdiyyələrin fəaliyyətinin işıqlandırılması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən göstərilmiş dəstəyi də müsbət qiymətləndiririk".
Demokrat.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamran Bayramov deyib.
"Bələdiyyələrin fəaliyyətində müəyyən irəliləyişlər, vergi və ödəniş yığımında müəyyən artım olsa da, bu qurumların ümumi vəziyyəti heç də qənaətbəxş və ürəkaçan deyil, mən hətta deyərdim idarəetmə böhranına doğru getməkdədir. Bu gün cəmiyyətimizdə bələdiyyələrin nüfuzu aşağı düşüb, əhalinin onlara inamı azalıb, bir idarəetmə qurumu kimi ölkəmizin müasir inkişafı ilə ayaqlaşa bilmirlər, özlərini doğrultmurlar".
"Bunu sübut etmək üçün bir misal gətirim: Əgər bu gün gənclərimiz arasında arzu etdikləri iş yeri ilə bağlı bir sorğu keçirilsə, onlar nə deyəcəklər? Məktəb deyəcəklər, xəstəxana deyəcəklər, polis deyəcəklər, dövlət qulluğu deyəcəklər, özəl sektor deyəcəklər. Heç olmasa biri bələdiyyə deyəcək? Deməyəcək. Budur bələdiyyələrin cəmiyyətdə bugünkü vəziyyəti və nüfuzu. İki ildən az müddətdən sonra bələdiyyə seçkiləri keçiriləcək. Bu minvalla, bələdiyyələrin bu cür vəziyyəti ilə bələdiyyəyə seçilməyə kim gedəcək? Onlara kim səs verəcək?",- deyə deputat qeyd edib.
Aynurə Demokrat.az


