Kriminal Özəl

Bakıda parkda qız üstündə dava — TƏFƏRRÜAT

Bakıda parkda qız üstündə dava — TƏFƏRRÜAT

Bakının Binəqədi rayonunda 1998-ci il təvəllüdlü Binnət mübahisə zamanı 2004-cü il təvəllüdlü Kamranı bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2021-ci il avqustun 16-da, saat 23 radələrində Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən parkda baş verib.

Binnət orada əvvəllər tanımadığı Kamranın onunla eyni məhəllədə yaşayan tanışları ilə mübahisə etməsini bəhanə edib, əsaslı səbəb olmadan münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı ov bıçağı ilə bədəninin müxtəlif nahiyələrinə iki dəfə vurub.

İstintaq orqanı tərəfindən Binnətin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Binnət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2021-ci il avqustun 16-da saat 23 radələrində dostu ilə parkda istirahət edərkən həmin ərazinin giriş hissəsində bir neçə nəfərin toplaşdığını müşahidə edib: “Onlara yaxınlaşdım və məsələni aydınlaşdırmağa çalışarkən adını sonradan öyrəndiyim Kamranın dostlarının parkdakı qızlara söydüyünü bildirdim. Üzr istəmələrini təklif etsəm də, Kamran məni vurdu. Zərbənin təsirindən yıxıldım. Yerdə gördüyüm, kimin olduğunu bilmədiyim bıçağı götürdüm, kənara atmağa çalışanda Kamranla boğuşdum. Daha sonra baş verənləri xatırlamıram. Mən heç bir cinayət törətməmişəm və üzərimdə bıçaq gəzdirməmişəm”. Cinayət işi üzrə zərərçəkmiş Kamranın sözlərinə görə, 2021-ci il avqustun 16-da dostları ilə parkda olarkən tanışının polis əməkdaşları ilə söhbət etdiyini görüb: “Nə baş verməsini soruşduqda Fərid mənə parkdakı 30-35 yaşlı kişilərin 15-16 yaşlı qızlara sataşdıqlarını söylədi. Mən də göstərilən şəxslərə yaxınlaşdım, etdikləri hərəkətin səbəbi ilə maraqlandım. Adlarını sonradan bildiyim şəxslərlə qısa danışaraq ayrıldıqdan sonra parkın girişindəki heykəl tərəfdə olan uşaqlar kimlərinsə məni axtardıqlarını dedilər. Mən skamyadan qalxaraq pilləkənlərin yanına gəldim, bayaq ünsiyyətdə olduğu şəxslərlə yanaşı adlarını sonradan öyrəndiyim təqsirləndirilən Binnəti müşahidə etdim. Binnət qolumdan tutaraq yaxınlıqdakı “Hunday Elantra” markalı avtomobilə əyləşərək söhbət etməyi təklif etdi. Mən də razılaşmadım. Həmin vaxt mənim yanımda Nihat, Hüseyn və Fərid də olublar. Binnət mənə mübahisə etməyimə irad tutdu. Onlar barəmdə xoşagəlməz ifadələr işlətdim. Yumruqla Binnəti vurdum. Binnət yıxıldığı yerdən qalxaraq mənə iki bıçaq zərbəsi yetirdi”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Binnət 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az