"44 günlük Vətən müharibəsi Azərbaycanı qalib dövlətlərin sırasına daxil etdi. 44 günlük müharibə 30 il həsrətində olduqlarımızın üzərinə xətt çəkdi. Bizi həsrətdən, məğlubiyyətdən, xəcalətdən qurtardı. 30 ildən sonra xalq dəmir yumruq kimi birləşə bildi. Ali Baş Komandanı ətrafında Azərbaycan əsgəri Azərbaycanın tarixi torpağı olan, mədəniyyət beşiyi olan Şuşanı yalın əliylə aldı".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat bildirib ki, bu gün Ermənistana hansı dövlətlər himayədarlıq etsələr belə, onların arzu və istəkləri əbəsdir:
"Azərbaycan müharibə istəmir, Azərbaycanın müharibəyə də ehtiyacı yoxdur. Bu gün Azərbaycan o qədər böyük güc sahibidir ki, heç bir dövlət onunla müharibə edə bilməz. Heç bir dövlət Azərbaycanın sərhədlərinə də müdaxilə edə bilməz. Çünki 44 günlük müharibənin nəticələri bunu göstərdi. Düşmən təbii ki, vurnuxur. Düşmən nə qədər ətrafdakı dövlətlərə yalvarmış olsa da, ənənəvi olaraq göz yaşı tökmüş olsa da, dünya bu gün Azərbaycanın haqq işini görür. Azərbaycan bu gün dünyada çətin və ağır vəziyyətdə olan Qərb dövlətlərini enerji ilə təchiz edən bir dövlətdir. Azərbaycan bu gün dünyanın ən demokratik dövlətlər içərisində yeri olan bir dövlətdir. Eyni zamanda, türk dövlətləri arasında böyük mövqeyi olan dövlətdir. Bu birliyin yaradılması üçün əlindən gələni edir. Azərbaycan müsəlman dünyasında böyük nüfuz sahibidir. Azərbaycan həm Qərbdə, həm Şərqdə, həm də ki, türk dövlətləri arasında nüfuz sahibidir. O nüfuza görə heç bir dövlət Azərbaycana yuxarıdan aşağı baxa bilməz. Bizə düşmən olan Ermənistanın belə bir fikri varsa, bizim son istinadgahımız İrəvan və Qərbi Azərbaycan olacaq".
Aynurə Demokrat.az


