Nursultan Nazarbayev Qazaxıstanda mövqelərini tam itirir. Hiss olunur ki, prezident Qasım-Comərd Tokayev onu tam tərk-silah etmək qərarına gəlib. Nazarbayev ölkə siyasətindən birdəfəlik yola salınır.
Demokrat.az xəbər verir ki, keçmiş dövlət başçısı fəxri senator titulundan məhrum edilib. Qazaxıstan parlamentinin yuxarı palatasının sədri Maulen Aşimbayev bildirib ki, müvafiq başlıq Senatın reqlamentindən çıxarılıb. Üstəlik, Nazarbayev daha “Elbaşı” da deyil. Sabiq prezident bu statusu da itirib.
“Konstitusiya Məhkəməsinin qərarı var, sabah biz “Birinci Prezident haqqında” qanunun qüvvədən düşməsi ilə bağlı qərar verəcəyik. Məsələ fəxri senator rütbəsi ilə bağlı idi. Bunun konstitusiyadan çıxarıldığını və qanunun dayandırılmaya hazırlandığını nəzərə alaraq, biz reqlamentimizdən “fəxri senator” adını çıxardıq”, - Aşimbayev baş verənləri belə izah edib.
Deputatlar 2022-ci il dekabrın 19-da palataların birgə iclasında parlamentin işinin yeni reqlamentini qəbul ediblər. Amma o zaman fəxri senator statusunun ləğvi barədə məlumat verilməmişdi.
2023-cü il yanvarın 10-da Qazaxıstan Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi xalqın lideri (Elbaşı) elan edən, ona ömürlük imtiyazlar və təminatlar verən “Birinci Prezident haqqında” qanunun etibarsız sayılması barədə qərar çıxarıb. Yanvarın 12-də Senatın sədri Maulen Aşimbayev parlament palatalarının birgə iclasının çağırılması haqqında fərman imzalayıb və bu iclasda birinci prezident haqqında qanunun qüvvədən düşməsi barədə yekun qərar qəbul edilə bilər. İclas yanvarın 13-nə təyin edilib.
2022-ci ilin yanvarında Qazaxıstanda hökumət əleyhinə genişmiqyaslı etiraz aksiyaları keçirilib. Bu etirazlarda 200-dən çox insan həlak olub. Etirazçıların tələblərindən biri də Nursultan Nazarbayevin hakimiyyətdən uzaqlaşdırılması olub. Daha sonra Qazaxıstan hakimiyyəti konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirib. Nəticədə Nazarbayev və onun ailə üzvləri bir sıra imtiyazlardan məhrum edilib. Keçmiş prezidentin hətta qohumlarına da ölkədən çıxmaq qeyri-rəsmi qadağan olunub.
Nazarbayev Qazaxıstan müstəqilliyini elan edəndən 2019-cu ilə qədər ölkəyə rəhbərlik edib. O, dörd il əvvəl Təhlükəsizlik Şurasının sədri vəzifəsinə keçib. 2022-ci ildəki hadisələrdən sonra “Elbaşı” hakimiyyətdən uzaqlaşdırılıb. /Bizimyol.info/


