Kriminal Özəl

Azərbaycanda torpaq üstündə dava — Dayısı oğlunu bıçaqladı

Azərbaycanda torpaq üstündə dava — Dayısı oğlunu bıçaqladı

Gədəbəy rayonununda 1982-ci il təvəllüdlü Elməddin dayısı oğlu Anara xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 5 iyun 2021-ci ildə, saat 21 radələrində Gədəbəy rayonunun Daryurd kəndi ərazisində baş verib.

Elməddin yaşadığı evin qarşısında olan küçədə şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı Anara bıçaqla xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Elməddinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ititham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elməddin bildirib ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Daryurd kəndində yaşayır:

“Ailəliyım, dörd övladım var. Surxay dayım, Anar isə dayım oğludur. Eyni zamanda biz qonşuyuq. Onların heç biri ilə əvvəllər düşmənçilik və ədavətlərimiz olmayıb. Anarla son 2 ildə münasibətlərimiz soyuq olub, biz küsülü olmuşuq. Surxayla isə münasibətlərim hadisə baş verənə qədər yaxşı olub. Anar və Surxay hadisə baş verməmişdən təxminən 15-20 gün əvvəl yaşadığım evin qarşı tərəfində mənə məxsus olan ərazi ilə Anara məxsus olan ərazinin arasında olan ağacları dəmir trosla çəpərlədilər. Çəpərləmə zamanı mənə aid olan əraziyə girərək, mənim yerimin sahəsini azaltdılar. Bu mənə xoş gəlmədi və dayım Surxaydan həmin tros çəpəri söküb öz ərazisinə aid olan hissədən çəkməsini xahiş etdim. Surxay telefon danışığı zamanı xahişini qəbul etdi, çəpəri sökəcəyini bildirdi. Lakin 10-15 gün vaxt keçməsinə baxmayaraq çəpəri sökmədilər”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 5 iyun 2021-ci ildə, axşam saatlarında yenidən Surxaya zəng edib və həmin çəpərin sökülməsini bir daha xahiş edib: “Telefon danışığı zamanı Surxay əvvəlcə “yer sənindir, istirsən ağacı kəs apar” dedi. Sonra isə “mən həmin ərazini Anara vermişəm, özünüz bilərsiniz, mənlik deyil” dedi. Bir neçə dəqiqə sonra Anarla küsülü olduğuma görə onun böyük qardaşı Ariz zəng etdi, hal-əhval tutdu. Xahiş etdim ki, Anara həmin çəpəri sökməsini tapşırsın. Həmin vaxt Anar Arizlə bir yerdə olub. Arizlə bir qədər danışdıqdan sonra sonuncu telefonu Anara verdi və bildirdi ki, Anarı özüm başa salım. Telefon danışığı zamanı ilk öncə Anar məndən nə baş verdiyini soruşdu. Mən çəpəri sökməyi Anardan xahiş etdim. Anar mənimlə kobud danışaraq çəpəri sökməyəcəyini, həmin yerin mənə aid olmadığını bildirdi. Bununla bağlı aramızda sözlə mübahisə yarandı. Həmin vaxt Anar mənə “gözlə gəlirəm söhbət edərik” dedi”.

Elməddin bildirib ki, telefon danışığından təxminən 20-25 dəqiqə sonra Anar özünə məxsus “VAZ 2106” markalı avtomobil ilə işdən evlərinə gəlib və avtomobilini həyətinə salıb: “Həmin vaxt evimizin qarşısında küçədə qaz borusunun üstündə oturub həmkəndlimlə söhbət edirdim. Anar atası Surxayla küçəyə çıxaraq bir qədər mənim evim tərəfə addımlayaraq məhlələrində olan köhnə avtobusun arxa tərəfindən evimə tərəf keçdikdən sonra Anar səslədi. Anara cavab verdikdən sonra sonuncu “gəl görüm nə deyirsən” dedim. Mən də onların yanına gəldim. Eyni zamanda Anar və Surxay da mənə tərəf addımlayıb dayandılar. Onlara çatan zaman artıq Surxay qaz borusunun üstündə oturmuşdu və əlində lapatka var idi. Anar isə Surxayın qarşısında üzü mənə tərəf ayaq üstə dayandı. Onlara çatıb “axşamınız xeyir” dedim. Anar məndən kobud formada nə baş verdiyini soruşdum. Anara bildirdim ki, həmin yer mənə məxsusdur və oradan çəkdiyi çəpəri söksün. Anarla bu barədə 5-6 dəqiqə söhbət etsək də, Anar mənimlə razılaşmayaraq kobud formada danışığına davam etdi”.

Elməddinin sözlərinə görə, həmin vaxt Anarla aralarında əlbəyaxa çəkişmə başlayıb: “Anarla çəkişə-çəkişə bir qədər küçənin əks tərəfinə doğru keçdik. Hər ikimiz yarıyıxılı vəziyyətə gəlsək də, heç birimiz tam yıxılmadıq. Həmin vaxt hər ikimiz ayaq üstə qalxmağa çalışırdı. Bir qədər özümü dikəltməyə çalışan zaman kiminsə məni arxadan küt alətlə vurduğunu hiss etdim. Özünü toparlayıb geriyə baxan zaman Surxayın əlində lapatka arxa tərəfimdə ayaqüstə dayandığını gördüm. Başa düşdüm ki, Surxay əlindəki lapatka ilə məni arxadan vurub. Yenidən Anarla çəkişməyə davam edərək bir-birimizin ayağa qaxlmasına maneçilik törətdilər. Həmin vaxt Anarın həyat yoldaşı əlində ağac parçası ilə yanımiza çatdı. O, bizə çatan kimi əlindəki ağac parçası ilə başımın və bədənimin müxtəlif yerlərinə vurmağa başladı. Belə olduqda var gücümü toplayaraq ayağa qalxmağa başladım. Onların çox olduğunu gördüm və onlarla tək bacara bilməyəcəyimi düşündüm. Hadisə yerindən qaçmağa çalışsam da, Anar məni tutub saxladığına görə hadisə yerini tərk edə bilmədi. Anarın əlindən çıxmağa çalışarkən onunla əlbəyaxa çəkişməni davam etdirdim. Həmin vaxt əllərimin və çənimin altının kəsildiyini hiss etdim. Anarın əlinə diqqətlə baxanda onun əlində 15-16 sm uzunluğunda kəsici alətin olduğunu gördüm. Lakin hava qaranlıq olduğu üçün həmin kəsici alətin konkret nə olduğunu bilməmişəm. Onların məni öldürəcəyini düşünüb həyəcanlı halda var gücünü toplayaraq Anarın əlini arxaya qatlayıb biləyini burub sonuncunun əlində olan kəsici aləti onun əlindən aldım. Anarı özmndən uzaqlaşdırmaq üçün özümü müdafiə edərək həmin kəsici alətlə onun bədəninin sol hissəsindən bir neçə zərbə endirdim. Anar zərbələrin təsirindən bir qədər məndən arxaya çəkildiyini görüb həmin kəsici aləti hadisə yerində ataraq evi istiqamətinə qaçaraq öz həyətlərinə girdi”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elməddin 3 il müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az