“Ölkə prezidenti yerli telekanallara müsahibəsində bir daha vurğuladı ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Qeyd etmək istərdim ki, jurnalistlərin səsləndirdiyi suallara cavab olaraq ölkə prezidenti bir məqamı da xüsusi vurğulamış oldu. O, qeyd etdi ki, biz heç vaxt reallaşması mümkün olmayan məsələlər haqqında düşünmürük. Biz nəyisə müzakirə ediriksə, nəyəsə çatmaq istəyiriksə, bu, mütləq şəkildə real nəticələrə gətirib çıxaracaq. O baxımdan, Azərbaycan ictimaiyyəti də ölkə prezidentinin xarakterinə çox yaxşı bələddir. Yəni, ölkə prezidenti nəyisə edəcəyini səsləndirirsə, mütləq şəkildə bu istiqamətdə bir nəticənin olacağına inanır. Bu baxımdan, Zəngəzur dəhlizi ölkə prezidentinin diqqətindədir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat qeyd etdi ki, bir neçə suala cavab kontekstində Zəngəzur dəhlizinə toxunmuş oldu:
“Birincisi, o qeyd etdi ki, Zəngəzur dəhlizi təkcə nəqliyyat və geoiqtisadi baxımdan deyil, eləcə də geosiyasi əhəmiyyəti baxımından səciyyələndirilir. 10 noyabr üçtərəfli bəyanatda aydın şəkildə Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə qərb rayonları arasında nəqliyyat imkanlarının təmin olunması qeyd edilib. Düşünürəm ki, ölkə prezidenti Zəngəzur dəhlizinin açılacağı ilə bağlı əminliyini ölkə və dünya ictimaiyyətinə çatdırmış oldu. Hesab edirəm ki, bunun özü çox mühüm və təsirli bir siqnaldır”.
Aynurə Demokrat.az


