Siyasət Özəl

Sülhməramlılar Putinin verdiyi siyasi resepti həyata keçirirlər — TƏHLİL

Sülhməramlılar Putinin verdiyi siyasi resepti həyata keçirirlər — TƏHLİL

“Qarabağdakı rus sülhməramlıları Rusiyanın Müdafiə Nazirliyinin tabeliyindədir. Hərbdə belə bir qayda var ki, yuxarıların tapşırığı olarsa, aşağıdakılar onu sorğu-sualsız həyata keçirməlidirlər. Həmin sülhməramlılara da Rusiyanın Müdafiə Nazirliyi göstəriş verib ki, siz orada möhkəmlənməlisiniz. Ermənilərin hörmətini, məhəbbətini qazanmalısınız. Eyni zamanda, elə bir siyasət həyata keçirməlisiniz ki, orada daimi qalasınız. Azərbaycanın hansı münasibət göstərməsi o qədər önəmli deyil. Çalışın ki, Azərbaycanla daha çox ara qarışsın, Azərbaycan bu və ya digər formada sizin üzərinizə gəlsin, qarşıdurma olsun. Biz Rusiya da yenidən Azərbaycanı öz təhdidlərimizlə nəzarəti altımıza keçirək. Sülhməramlıların ümumi məqsədini qısaca şərh etsək, bu şəkildə qeyd etmək olar. Çünki siyasi resepti verən Kremldir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib. O, əlavə edib ki, sülhməramlılar Ali Baş Komandan Putinin verdiyi siyasi resepti həyata keçirirlər.

“Amma bir şey də yanıldılar ki, Azərbaycan tərəfi həm Rusiyanın, həm də onun yürütdüyü siyasəti çox gözəl bilir. Siyasi diaqnozumuzun nəticəsi belədir ki, rus sülhməramlıları burada sülh yaratmağa deyil, yeni təxribat törətməyə gəliblər. Bizim də siyasi bacarığımız o olar ki, həmin təxribatların böyüməsinə imkan verməyək. Azərbaycan iki ildə bunu çox uğurla bacardı. Onların təxribatları baş tutmadığına görə, artıq sülhməramlıların da mövqeyindəki yumşalma Rusiyanın rəhbərliyinin qəbul etdiyi qərardan asılıdır. Son zamanlar Kremlin sözçüsü kimi Lavrov daha çox Azərbaycanın həqiqətlərini dilə gətirməyə başlayıb. Burada istər-istəməz irəliləyişin olduğunu görmək mümkündür. Azərbaycan öz ərazisində istədiyi vaxt istədiyi missiyanı həyata keçirə bilər”.

C.Nuriyev hesab edir ki, Azərbaycan lideri siyasəti çox gözəl bilir və bu gün onun uğurları göz qabağındadır:

Sülhməramlılar Putinin verdiyi siyasi resepti həyata keçirirlər — TƏHLİL
“Azərbaycan mediasında həm prezidentin özü, həm siyasətçilər, həm də millət vəkillərinin bir qismi öz fikirlərini əhaliyə çatdırdılar. Bu müddət ərzində əhalinin maarifləndirilməsi işi həyata keçirildi. Bəziləri həddən artıq radikal yanaşırdı bu məsələlərə, bəziləri isə loyal, liberal yanaşırdı. Amma bu müddət ərzində Azərbaycan prezidentinin çıxışları, Azərbaycan mediası Azərbaycan xalqını yenidən bir araya gətirməyə bacardı. İndi Azərbaycan xalqında bir fikir formalaşıb ki, Ermənistanı nə qədər ki, dəstəkləyən qüvvələr var və o da qudurğan mövqeyindən əl çəkməyəcək. Baxmayaraq ki, müharibəni uduzub, bunu ermənilər də başa düşürlər, amma Ermənistanı dəstəkləyən qüvvələr maraqlarından geri çəkilməmək siyasətini həyata keçirmək istədiyinə görə, yeni münaqişə istəyirlər.

Yeni münaqişənin yaranması da Ermənistanın ziyanınadır. Burada Azərbaycanın itərəcəyi bir şey yoxdur. Azərbaycan artıq hazırdır və bizim ordumuz sözünü dedi. İndi digər qurumlarımız fəaliyyətə keçdi. Bu çox ağıllı, uğurlu bir siyasətdir. Bu yaxınlarda Azərbaycanın “mülki ordusu” da “hücuma” keçdi və öz missiyasını uğurla həyata keçirdi. Bu, o deməkdir ki, Azərbaycan artıq öz mülki ordusunu “döyüş”ə atdı və ilk döyüşümüz çox uğurlu oldu. Azərbaycan mülki şəxslər, vəzifə sahibləri, dövlət məmurları həyatları üçün təhlükə olmasına baxmayaraq və bunu bilə-bilə Xankəndiyə getdilər, Xocalıda onlarla görüşdülər. Yəni, ermənilər bir növ “çıldaq” oldu. Onsuz da bunlar qorxurdular və işçilərimizi də xüsusi təyinatlı hesab edirdilər. Bəli, bunlar Azərbaycanın mülki missiyasını yerinə yetirən təyinatlılardır. Bunlar o qədər Azərbayanın xüsusi təyinatlılarından qorxur ki, mülki formada olanlardan belə qorxurdular. İndi ermənilər otursun fikirləşsin ki, Azərbaycan ordusunun xüsusi təyinatlıları ilə bərabər Azərbaycan nazirliklərinin də xüsusi təyinatlıları artıq Qarabağdadır və öldü var, döndü yoxdur. Onlar Azərbaycan qanunlarına tabe olmalıdır və bu missiyanı qəbul etməlidir. Məhz bu missiyadan sonra rus sülhməramlıları razılaşdılar ki, orada gömrüklə birgə fəaliyyətə başlasınlar. Gömrük olan yerdə Dövlət Sərhəd Xidməti də olacaq. Ora gedən vətəndaşlar təkcə gömrük yoxlamasından keçmirlər, həm də onlar pasport qeydiyyatından keçməlidirlər”.

Sonda sabiq deputat əlavə edib ki, Azərbaycan öz missiyasını həyata keçirməyə başlayandan sonra Qarabağa nə terrorist gələcək, nə PKK, nə də ASALA.

“Azərbaycan bir növ rus sülhməramlılarını bu addımı atmağa məcbur etdi. İndiki zamanda bundan böyük qələbə olmaz! Bir vətəndaş kimi onu bildirim ki, həm Ekologiya Təbii Sərvətlər Nazirliyi, həm İqtisadiyyat Nazirliyi, “Azərsu”, “Azəriqaz” və s. işçiləri ilə biz fəxr edirik. Fəxr edirəm ki, bizim dövlət qurumları Azərbaycanın maraqları üçün öz işçilərinin hər cür təhlükəyə atmağa hazırdır. Çox şükürlər ki, biz bu mərhələyə gəlib çatdıq. Bu, bizim çoxdan istədiyimiz siyasət idi. Azərbaycan Prezidenti bunu bacardı və Prezidentimizə halaldır!”.

Nəzrin Demokrat.az

D
demokrat.az