“İl boyu ərzində Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda böyük irəliləyişlər ilin sonunda sülh müqaviləsi ilə nəticələnəcəyi gözlənilirdi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi deyib. Onun sözlərinə görə, Avropa İttifaqının xüsusi fəaliyyəti sülh müqaviləsini daha da reallaşdıra bilərdi.
“Lakin Rusiya öz narahatlığını gizlətmədi və prosesdən kənar qalmamaq üçün hərəkətə keçdi. Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində bir neçə qarışıq bəyanatdan sonra, nəhayət “Valday klubunda” Putin çıxış edərək daha açıq şəkildə etirazını bildirməyə məcbur oldu. İndiyə qədər bir çox ekspertlər Putinin hansı səbəbdən Qarabağın azadlığı uğrunda apardığımız hərbi əməliyyatlarda təsirli müdaxilə etməməsini onunla razılaşdırılması ilə bağlayırdılar. Lakin Putinin təbliğat aparatı və mətbuatı bu illər ərzində əleyhimizə mümkün olan təbliğat aparıb. Bu yaramazlıq bu gün də eyni ssenari ilə davam etməkdədir. Bunun sadə izahı var: “Bu gün Putin dişsizdir və Ukrayna cəbhəsindəki uğursuzluğu onu aktiv hərəkətə keçməsini məhdudlaşdırır”. Arxamızda güclü Türkiyə və güclü ordumuz dayanır. Belə olduqda ondan istənilən qeyri-adekvat addımları da gözləmək olar”.
“İranın əleyhimizə fikirlər səsləndirməsi, sərhədlərimizdə hərbi manevrlər etməsi və içimizdəki casus şəbəkəsini aktivləşdirməsi Rusiya ilə razılaşdırılmış məsələyə bənzəyir. Bu gün keçirilməsi nəzərdə tutulan üçtərəfli Soçi görüşü ərəfəsində Putin guya ortada “Vaşinqton sülh layihəsi“ olduğunu iddia etməklə və bu sənədin Ermənistanın əleyhinə hazırlandığını vurğulamaqla hər iki münaqişə tərəfini şantaj etmək məqsədini güdürdü. Dünən isə “sülhməramlı” kontingentin komandanı Volkovun birbaşa iştirakı ilə növbəti separatizmi həyata keçirdilər. ”Sülhməramlıların” müşaiəti ilə Ermənistandan xeyli sayda məktəbli və pensiyaçıları Xankəndinə daşıyaraq guya xalq etirazını nümayiş etdirməyə cəhd göstərildi. Bu həftə ərzində Azərbaycan ictimaiyyəti və bəzi rəsmiləri İrana tutarlı cavablar ünvanladı. Bu cavabların içərisində Rusiyanın da payı var”.
“Dünən Aztv efirindən “bizim milli-mənəvi dəyərlərimizə və müstəqilliyimizə təhdid edən istənilən qüvvəyə cavab verəcəyik” bəyanatı əslində bütün bədxahlarımız “nota” idi. Rusiya ilə münasibətlərimizin necə davam edəcəyi bugünkü üçtərəfli görüşün nəticələrindən sonra məlum olacaq. Amma hesab edirəm ki, İlham Əlıiyev də bu görüşə əliboş getməyib, bizim də deyəcəyimiz və lazım gələrsə qarşı tərəfi fakt qarşısında qoya biləcək imkanlarımız var. Ən azından Rusiya bir daha Xəzər dənizi vasitəsilə bizim limanlara daxil ola bilməyəcək. Daxil olarsa, qoltuğuna yalnız xoruz verib yola salacağıq”, - deyə V.Əfəndi sonda qeyd edib.
Aynurə Demokrat.az


