Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərə dövlət qayğısı bütün istiqamətdə davam edir. Birdəfəlik ödəmə, aylıq müavinət, mənzillə təminat, məşğulluğun təşkili, biznes fəaliyyətinə dəstək. Bu siyahını kifayət qədər uzatmaq olar.
Bəzən hansısa xırda anlaşılmazlıqlar da ola bilir ki, bunun da aradan qaldırılması üçün lazımi addımlar atılır.
Bəzən isə şəhid ailəsi və qazi adından sui-istifadə edənlər, yaxud bu kateqoriyaya aid olmayanların saxtakarlıq halları da yaşanır. Bütün hallarda dövlət və dövlətin siyasətini icra edən orqanlar hər şeyin qanun çərçivəsində və maksimum müsbət şəkildə həllinə çalışırlar.
Ən neqativ hal isə bəzi media orqanları, xüsusilə sosial şəbəkələr üzərindən fəaliyyət göstərən və əsas işi “reketçilik” olanlar şəhid ailəsi və qazı mövzusunu özlərinin biznes alətinə çevirməsidir.
Sirr deyil ki, son dövlərlər sosial media və internet resurslarına transfer edən “reket jurnalistlər” müharibədən sonra şəhid ailəsi və qazi məsələsindən hansısa məmurdan, yaxud dövlət orqanından pul qoparmaq məqsədilə istifadə edir. Belə hallarla bağlı indiyə qədər mediada da məlumatlar yayılıb.
Eyni zamanda, burada əsas hədəflərdən biri də dövlətin şəhid ailəsi və qazilərlə bağlı həyata keçirdiyi genişmiqyaslı işlərə kölgə salmaqdır.
Bu günlərdə Salyan rayonunda baş verən hadisə də bu qəbildəndir. YouTube üzərindən yayımlanan “Kanal 24” adlı internet kanalında “Salyanın icra başçısından qazi anasına şok sözlər: “Oğlun Şəhid olmayıb ki, torpaq niyə verək?” başlıqlı videosüjet yayımlanıb.
Məsələni araşdırmaq üçün Salyan rayon sakinləri ilə söhbət apardıq və öyrəndik ki, yayılan iddialar doğru deyil.
Salyan sakinləri ilə söhbətimiz zamanı öyrəndik ki, videosujetdə adı çəkilən vətəndaş Sevda Əliyevaya Aşağı Noxudlu bələdiyyəsindən 0,02 hektar həyətyanı torpaq sahəsi ayrılıb.
Vətəndaş S.Əliyeva Aşağı Kürkəndi kəndində qeydiyyatda olduğu üçün, ona ayrılmış torpaq sahəsi qanunvericiliyə əsasən hərrac və müsabiqə qaydasında veriləcək. Vətəndaşın müraciəti nəzarətə götürülüb və torpağın sənədləşmə işlərinə artıq başlanılıb.
S.Əliyevanın müraciətindən sonra Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəxsən vətəndaşı evində ziyarət edib, hətta mənzilində yararsız elektrik xəttlərinin yenilənməsinə və yığılmış borcunun ödənilməsinə dair müvafiq göstəriş verib.
Bununla yanaşı, S.Əliyevanın 6 ay kirayə pulu öncədən ödənilməsinə köməklik göstərilib, davamlı olaraq ona ərzaq yardımları edilib.
Sakinlərin sözlərinə görə, S.Əliyeva həyat yoldaşından ayrılıbdır. Müraciətdə qeyd etdiyi oğlu II Qarabağ müharibəsi veteranı Əliyev Ülvi atası Əliyev Azər ilə birgə Aşağı Kürkəndi kəndində yaşayır və ona müraciəti əsasında digər müharibə iştirakçıları kimi RİH tərəfindən əkin məqsədilə 1 hektar torpaq sahəsi ayrılıbdır.
Göründüyü kimi, dövlət lazım olan bütün addımları atır. Salyan RİH də üzərinə düşən hər şeyi edir.
Sual yaranır, S.Əliyevanın evinə gedən, onun problemlərini yerində dinləyən və həlli üçün lazımi tapşırıqlar verən Salyan RİH-nin başçısı “Kanal 24”-ün iddia etdiyi kimi qazi anasına “Oğlun şəhid olmayıb ki, torpaq niyə verək?” sözünü necə deyə bilər, yaxud bunu niyə desin!
Axı vətəndaşın müraciətinə əsasən istədiyi torpaq sahəsi ayrılıb, hətta kirayə haqqının ödənilməsindən tutmuş bir çox çətinliyi aradan qaldırılıb. Bu baxımdan, yayılan məlumatların qərəzli olduğu, bunu yayan internet resurslarının da çox güman ki, başqa məqsədlərinin olduğu bəllidir. Qazi və şəhid adından sui-istifadə etməklə rayonda təxribat, qarşıdurma yaratmaq cəhdləri. Amma onların bu cür məkrli niyyətləri heç zaman baş tutmayacaq. Çünki Salyan camaatının mütləq əksəriyyəti Prezidentin və dövlətin siyasətini dəstəkləyir!
Vaqif Hüseynli Demokrat.az


