Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qonaq qismində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edəcək.
Məsələyə münasibət bildirən sabiq diplomat, politoloq Fikrət Sadıqov Demokrat.az-a açıqlamasında bildirib ki, burada dövlətlərin maraqlarına cavab verən addımlar atılacaq, həmçinin müxtəlif ikitərəfli, üçtərəfli görüşlər keçiriləcək:
“Təbii ki, bizim marağımız aydındır. Cənubi Qafqaz, postmünaqişə dövr, Ermənistanın bir sıra maddələri yerinə yetirməməsi, Türkiyə-Ermənistan münasibətlərinin indiyinə qədər asılmış vəziyyətdə qalması, çünki Ermənistan yenə burada müəyyən problemlər yaratmaq istəyir və s. kimi məsələlər müzakirə predmetinə çevriləcək. Burada bir sıra məsələlər aydın olmalıdır. Hər halda bizə Yerevanın konkret, şəffaf şəkildə mövqeyi maraqlandırır. Bunlardan biri deyir ki, dəhliz açılmalıdır, başqa bir rəsmiləri deyir ki, biz bu tərəfi açmağa imkanımız yoxdur. Yəni, müxtəlif bəyanatlar verməklə, görünür bunlar müxtəlif əngəllər törətmək istəyir. Ona görə, bizə onların konkret mövqeyi lazımdır. Biz artıq bizə düşən 10 noyabr tarixli imzalanan sənədin bir sıra maddələrini yerinə yetirmişik. Növbə Yerevanındır, əgər onlar sülh şəraitində yaşamaq istəyirlərsə, bu olmasın. Türkiyə ilə danışmalıdır, sərhədlər açılmalıdır. Azərbaycanla bir araya gəlməlidirlər ki, Cənubi Qafqazda sülh yaransın. Onlar isə indiyə qədər atışma ilə məşğuldurlar, bizə qarşı sərhədlərdə atırlar. Bütün sərhədboyu ərazilərə minalar yerləşdirilib. Biz təbii ki, konkret bunlara mövqe nümayiş etdirməliyik. Sülh şəraitində yaşamaq istəyirisinizsə yaşayaq, yox əksinədirsə. onda gəlin bu məsələni başqa bir yolla həll edək. Biz hərbi gücümüzü nümayiş etdirmişik, size qane edirsə, biz hər an davam edə bilərik”.
Aynurə Demokrat.az


