Media Özəl

“Mətbuat Şurasında təmsil olunmaq istəmirəm” — Baş redaktor

“Mətbuat Şurasında təmsil olunmaq istəmirəm” — Baş redaktor

“Azərbaycan Mətbuat Şurasının VIII qurultayının keçirilməsi mühüm hadisədir. Hər bir peşə sahiblərinin müəyyən zaman kəsiyində toplaşıb müzakirə aparması, fəaliyyət istiqamətlərini müəyyənləşdirməsi vacibdir. Ümid edirəm ki, Azərbaycan jurnalistləri özlərinin növbəti ali toplantısında gələcəklə bağlı vacib qərarlar qəbul edəcəklər”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Yenisabah.az saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Baş redaktor qeyd edib ki, çoxsaylı müraciətlərin olmasına baxmayaraq, Mətbuat Şurasının İdarə Heyətində təmsil olunmağı düşünmür:

“Saytda işlərim həddən artıq çox olur. İdarəçilik və redaktə işləriylə paralel olaraq, müntəzəm qaydada məqalələr yazıram. Son 10 gündə 8 köşə yazmışam. Üstəlik bir gündə bəzən üç-dörd qəzetə, xəbər portalına açıqlama verirəm. Bununla yanaşı, QHT rəhbəri kimi də fəaliyyət göstərirəm. Hesab edirəm ki, Mətbuat Şurasının İdarə Heyətində məndən daha gənc, enerjili şəxslərin təmsil olunmasına ehtiyac var. Namizədlərim var və qurultayda onları dəstəkləyəcəyəm”.

Seymur Verdizadə Mətbuat Şurasının sədri Əflatun Amaşovun və mövcud İdarə Heyətinin fəaliyyətini müsbət qiymətləndirdiyini bildirib.

O, Mətbuat Şurasının sədri Əflatun Amaşovu “zəngin idarəçilik təcrübəsinə malik olan, jurnalistlər kimi həssas bir təbəqə ilə dil tapmağı bacaran” fiqur kimi xarakterizə edib:

“Hesab edirəm ki, Mətbuat Şurasının sədri və indiki tərkib mövcud imkanlar daxilində əlindən gələni edib. Əminəm ki, başda Əflatun müəllim olmaqla indiki tərkibdən bir neçə nəfər yeni heyətdə də təmsil olunacaq. Yenidən seçilib-seçilməmələrindən asılı olmayaraq onlara təşəkkür düşür”.

Baş redaktor sonda jurrnalist təşkilatlarına və KİV qurumlarına müraciət edərək, onun adını namizəd kimi Mətbuat Şurasına təqdim ediləcək anketlərə daxil etməməyi xahiş edib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az