Bakı əhalisi bu ilin ilk 7 ayında kafe-restorana yarım milyard manat xərcləyib. Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, paytaxtda ictimai iaşə dövriyyəsi (kafe, restoran, çayxana və s.) 516.6 milyon olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 60%-dək artım göstərici deməkdir.
Demokrat.az-a açıqlama verən tanınmış rejissor və aktyor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyli bildirib ki, restoranda yeyib-içənlər Azərbaycanı soyanların, çapıb-talayanların uşaqlarıdır:
“Bu gün gəlir mənbəyi, biznesi, milyonu olanlar, eyni zamanda xaricdə villa alanların hamısı birmənalı şəkildə iş, vəzifə adamlarıdır. Bu gün Bakı şəhərində təxminən yarım milyon belə imkanlı adamlar var. bələdiyyələrdən, icra strukturlarından tutmuş böyük komitə sədrlərinin belə mülkləri, biznesləri, obyektləri var. Hərəsinin orta hesabla bir uşağı olsa, bu edir yarım milyon. Bakıda da təxmini 200-300 min belə yerlər var. Gedirlər axşama "papa"nın puluyla, Azərbaycan xalqının, dövlətinin pulu ilə kef edirlər. Kənddən şəhərə gələn, dilənən və 12 saat marketlərdə işləyən, ayda 300-400 manat qazanan uşaqlar o restoranların qapısını tanıyırmı? Xeyr. Onlar heç olmasa günə 3 manata nəsə alıb yeməlidirlər? Ayda 200 manat hansısa mənzillərdə qalmağa pul verirlər. Bu cavan uşaqlar 3-5 manat da atasına-anasına göndərməlidirlər.
Sual edirəm, uşaqlar o barların, o restoranların çöl qapısını tanıyırmı? Əlbəttə ki, xeyr. Biz dəfələrlə bu məsələləri gündəmə gətiririk. Mənim dövlətlə qətiyyən işim yoxdur, mənim hakimiyyətlədir işim. Dövlətin rəhbəri var, dövlətin prezidenti var. Nə işlər gördüyü hamının gözünün qabağındadır. İşığın, qazın, suyun pulunu qaldıran, Bakıda başlı-başına bina tikib qazananların uşaqlarıdır gedib axşamlar özləri üçün kef edirlər. Axırıncı dəfə Şeyx Əbdül Mahmudbəyov və onun övladının adi orta səviyyəli restoranda nə vaxt olduğu yadıma gəlmir”.
Aynurə Demokrat.az


